Yığmamızın sabiq məşqçisi ABŞ-da məşhur sima ilə tanış oldu və...

25 Yanvar 2022 21:00 Bizimkilər 655
Yığmamızın sabiq məşqçisi ABŞ-da məşhur sima ilə tanış oldu və...

“İndiyə qədər bir neçə konqresdə iştirak etmişdim. Bu, mənim üçün bir yenilik idi”.

Azərbaycanlı "Pro" kateqoriyalı məşqçi Etibar İbrahimov 19-23 yanvar aralığında ABŞ-ın Kanzas ştatında təşkil olunan konvensiyadakı iştirakı haqda təəssüratlarını Sportinfo.az-a açıqlamasında bölüşüb.

44 yaşlı mütəxəssis Birləşmiş Futbol Məşqçiləri Konvensiyasının onun üçün hansı səbəbdən yaddaqalan olduğunu bildirib:

“Sessiya, praktika və marketinq məşğələləri kifayət qədər faydalı oldu. “Everton”, “Vilyareal”, “Borussiya” (Dortmund) və bir çox klublar sessiyalar təqdim edirdi.

Bəzən sessiyalar eyni günə təsadüf etdiyindən, klub seçimi öhdəmizə buraxılırdı.

Məsələn, mən “Everton”un konsepsiyası ilə daha yaxından tanış olmaq istədiyimdən seçimimi İngiltərə təmsilçisinin üzərində dayandırdım.

“Everton”un akademiyasında uşaq futbolunun inkişafına necə başlanılması, zamanla hansı işlərin görülməsi özümə maraqlı idi.

Çünki Almaniyada bir neçə dəfə olmuşam və bu ölkənin uşaq futbolundakı struktur mənə yaxşı tanışdır. Növbə ilə “Vilyareal”la “Ayaks”ın sessiyalarında da iştirak etdim.

2 ildir ABŞ-da yaşayıram. İndiyə qədər burada xeyli sayda futbol matçını izləmişdim.

Amma yerli mütəxəssislərin futbola yanaşma tərzi və uşaq futbolunu inkişaf etdirmək metodu haqda bilgiyə sahib deyildim. Konvensiya əsnasında bunu da görmək imkanı qazandım”.

İbrahimov konqresdə dünyada tətbiq olunan data proqramla tanış olmaq fürsəti yaxalayıb ki, gələcəkdə həmin proqramın Azərbaycanda da istifadə olunacağına ümid etdiyini deyib:

“Datalar müasir futbolun ayrılmaz hissəsinə çevrilib. Futbolçulara aid olan məlumatları, onların fərdi keyfiyyətlərini və göstəricilərini datalar vasitəsilə rahatlıqla əldə etmək mümkündür.

Mənim üçün yenilik B Pro dataları idi ki, onunla yaxından tanış oldum.

B Pro futbolçuların 90 dəqiqə ərzində etdiklərini sürətli şəkildə məşqçiyə çatdırır, məşqçi də qısa zamanda ümumi nəticəyə gələ bilir. Ümid edirəm ki, yaxın vaxtlarda Azərbaycanda da bu datalardan istifadə olunacaq”.

Konqresdə fəxri qonaq qismində iştirak edən gəncəli mütəxəssis “Ayntraxt”, “Bayer Leverkuzen”, “Şalke-04”, “Blekbern”, “Beşiktaş” kimi komandaların şərəfini qorumuş məşhur sima ilə görüşüb, fikir mübadiləsi aparmaq imkanı qazanıb:

“Cermeyn Cons dövrünün tanınmış futbolçularından olub. Aparıcı klublarla yanaşı, Almaniyanın və ABŞ-ın əsas yığmalarında forma geyinib.

Kifayət qədər təcrübəli futbolçulardan hesab olunmaqdadır.

Cermeyns ABŞ-da kifayət qədər nüfuza sahibdir. Artıq futbolçu karyerasını başa vurub, məşqçiliyə başlayıb və Pro kateqoriyasını almaq üzərdir. Consla xeyli söhbətləşdik, maraqlı fikir mübadilələrimiz oldu.

Bu konvensiya mənim üçün məşqçi kimi yeni nələrsə öyrənməklə yanaşı, xarici əlaqələrimin inkişaf etməsi baxımından kifayət qədər səmərəli oldu. Gələcəkdə mənə və işimə kömək edə biləcək əlaqələr qurdum”.

Etibar İbrahimov vaxtilə Azərbaycanın U-15, U-16, U-17 və U-19 millilərində köməkçi-məşqçi kimi fəaliyyət göstərib.

Daha sonra Hindistanın U-17 seçməsində Nikolay Adamın köməkçisi vəzifəsini yerinə yetirib. Sonuncu iş yeri 2018-19 mövsümündə Birinci Divizionda mübarizə aparan “Kəpəz” olub.

2 ildir ABŞ-da yaşayan Pro kateqoriyalı mütəxəssis yaxın zamanlarda vətənə qayıdıb, məşqçilik fəaliyyətini davam etdirməyi planlaşdırır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"