"Xahiş edirik ki…" - Bakıda futbol izləmək istəyənlər üçün

15 İyun 2021 13:50 Bizimkilər 1 011
"Xahiş edirik ki…" - Bakıda futbol izləmək istəyənlər üçün

Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) hərəkət iştirakçılarına təşəkkür edib.

Sportinfo.az xəbər verir ki, qurumların yaydığı birgə məlumatda 4-6 iyun tarixlərində Formula 1 üzrə Azərbaycan Qran Prisi, iyunun 12-də isə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilməsi zamanı hərəkət iştirakçılarının da nümayiş etdirdiyi anlayışın əhəmiyyəti vurğulanıb.

“Bir daha onlara verdikləri dəstəyə görə təşəkkür edirik. Vətəndaşlarımız müəyyən edilən qaydalara və tövsiyələrə riayət etməklə oyunların, xüsusilə də nəqliyyat tədbirlərinin yüksək səviyyədə reallaşmasına əvəzsiz dəstək olublar.

Hərəkət iştirakçılarının AVRO-2020 Futbol üzrə Avropa çempionatının 16, 20 iyun və 3 iyul tarixlərində Bakıda keçiriləcək oyunları zamanı da eyni səmimiyyət və anlayış nümayiş etdirəcəklərinə inamımız sonsuzdur.

Xüsusi ilə 16 iyun tarixində Türkiyə-Uels Milli Komandalarının oyunu ilə əlaqədar hərəkət iştirakçılarından müəyyən edilən qaydalara və tövsiyələrə əməl etmələrini xahiş edirik.

Qardaş ölkə təmsilçilərinin oyununa marağın böyük olacağını və həmin gün şəhərdə yüksək səviyyəli tədbirlərin keçiriləcəyini nəzərə alaraq hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə və yollarda həmrəy olmağa dəvət edirik.

Xahiş edirik ki, ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsindən istifadə etməyin. Bu, yollarda nəqliyyat vasitələrinin, xüsusən də müntəzəm və ekspres xətlər üzrə avtobusların maneəsiz hərəkəti, lüzumsuz sıxlıqların yaranmaması üçün vacibdir. Həmçinin, avtomobilləri dayanma-durmanın qadağan edildiyi yerlərdə, o cümlədən avtobus dayanacaqlarının ərazisində və avtobus zolaqlarında park etməyin. Rahat və fasiləsiz hərəkətə maneə yaradan avtomobillər qanunla müəyyən edilən qaydada təxliyyə olunacaq.

Məlumat üçün bildiririk ki, biletli azarkeşlərin daşınması mövcud nəqliyyat planına əsasən ekspres smarşrutlarla icra ediləcək”, - birgə məlumatda qeyd olunub.

Digər Xəbərlər
Xəbər Lenti