“Döyülməmək üçün sakitcə aradan çıxdım”

27 May 2020 00:56 Azərbaycan Futbolu 1 041
“Döyülməmək üçün sakitcə aradan çıxdım”

İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar.

Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi.

“Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi həkk olunan baməzə hadisələri bizimlə bölüşmələrini istəyirik.

Sportinfo.az xəbər verir ki, rubrikanın budəfəki qonağı müstəqillik illərində uzun müddət “Turan”ın rəisi olmuş İman Həsənovdur. Futbol camiəsində daha çox “Qara İman” kimi tanınan sabiq funksionerin xatirələri ilə tanış olun.

İcra başçısının tələbi
2007/08 mövsümü idi. Tovuzda İmişli komandasını qəbul edirdik. Oyun başlar-başlamaz qonaqlar hesabda önə çıxdılar. Əslində matçda üstünlük bizim tərəfimizdə idi. Buna baxmayaraq, İmişli futbolçuları adi epizodda qol vurmuşdular. Tovuzun sabiq icra başçısı Tofiq Zeynalov da qarşılaşmanı tribunadan canlı izləyirdi. Hesabda geri düşdüyümüzü görən icra başçısı əsəbləşdi, tribunadan məni səsləyərək “21” nömrə ilə “8” nömrəni çıxardın meydandan, oynamırlar” dedi. Mən də özümdə cəsarət tapıb ”Tofiq müəllim, oyun təzə başlayıb, bir az gözləyək” söylədim. Başçının dedyi uşaqlar da yerlilər idi: biri Asəf Qədiri, o biri isə Hafiz Əliyev. İlk hissəni məğlub başa vurduq. Fasilədən sonra komanda iki qol vuraraq matçı qalib başa vurdu. Qolları da Hafizlə Asəf vurmuşdu. Görüş başa çatandan sonra Tofiq müəllimə yaxınlaşıb “müəllim, gördüz udduq. Siz isə həyəcanlanmışdız, qolları vuran futbolçuları ilk yarıda çıxarmağımızı istəyirdiz” dedim. İcra başçısı biranlıq mənə baxıb “mən qışqırmasaydım, onlara xəbərdarlıq etməsəydim, o uşaqlar oynamayacaqdı” söylədi, özünün haqlı olduğunu sübut etmək istədi. O vaxt futbolda belə hallarla tez-tez qarşılaşırdıq.

Quşlara yem verirdim
Ramal Hüseynovu hamımız yaxşı tanıyırıq. Hamı da bilir ki, bir az cüvəllağıdı. Naci Şensoyun vaxtıdı, komanda bazada təlim-məşq toplanışındadı. Kimsə Naci bəyə deyib ki, Ramal gecələr bazanı tərk edir və ancaq səhərə yaxın düşərgəyə dönür. Bir gün Şensoy məni otağına çağırıb Ramalı soruşdu. Dedim otağında olar. Saat da təxminən gecə 12-1 arasıdı. Toplanış vaxtı komanda üzvləri saat 11-də yatmalıydılar. Baş məşqçi başını yelləyib mənə “Ramalı yuxudan oyat və otağıma yolla” dedi. Ertəsi gün də hansısa komanda ilə yoxlama görüşü keçirməliydik. Mən bilirəm axı Hüseynov otaqda yoxdu. Bilmədim nə edim. Naci bəyin yanından çıxan kimi Ramala mesaj yazıb, harda olduğunu soruşdum. O bazadan 7 km aralıda olduğunu bildirdi. Baş məşqçinin onu yanına çağırdığını bildirincə, “5 dəqiqə onun başını qarışdır, özümü çatdıracam” cavabını yazdı. Şensoyun otağına qayıdıb “hoca, yatırdı, oyatdım, indilərdə yanınıza gələcək” söylədim. Naci bəy “İman, o gəlməsin, biz onun otağına gedək” deyəndə boğazım qurudu. Ramala görə mən özümü “yandırmışdım”. Bir-iki kəlmə başqa məsələlər haqda da danışıb baş məşqçinin otağından çıxıb aşağı düşdük. Həmin an mənim hansı hisslər keçirdiyimi təsəvvür edin. Onunla əlaqə saxladığım maksimum 5 dəqiqə idi. Bir də gördük ki, Hüseynov pilləkənlə birinci mərtəbədən yuxarı qalxır. Şensoy mənim üzümə baxıb “Ramal, İman dedi, sən yatırsan. Sən isə həyətdən gəlirsən” deyib, üzünü turşutdu. Ramalın cavabı bütün suallara nöqtə qoydu: “Hoca, yuxudan ayıldım, gördüm ki, bazanın həyətində quşların səsi gəlir. Ac olduqlarını düşünüb, sizin yanınıza gəlməmişdən öncə onlara yem verməyi qərara aldım”. Bu günə kimi hələ də mənə maraqlıdı ki, Ramal 5 dəqiqədən də az vaxtda özünü bazaya necə çatdırdı.

“Simurq”dan “oğurluq”
Yəqin ki çoxları Nail Nurəddinoğlunun “Turan”da işlədiyi dönəmi xatırlayır. Bir gün Nail mənə dedi ki, komandaya hücumçu lazımdı. Onu da əlavə etdi ki, “Simurq”a Braziliyadan yeni hücumçu gələcək. Özü də o Zaqatalaya gəlmək üçün təyyarə ilə Tiflisə düşəcək. Sən onu “oğurlayıb” Tovuza gətirməlisən. Həmin forvardın adını unutmuşam, ancaq onu deyə bilərəm ki, bir mövsüm bizim komandada çıxış etdi. Bir qədər düşünüb futbolçunun ad-soyadını, göstəricilərini öyrəndim. Nurəddinoğlu təyyarənin eniş vaxtını da dedi. Həmin an maşına oturub Tiflisə yola düşdüm və təyyarə gələnə qədər özümü hava limanına çatdırdım. Təyyarə gəldi, sərnişinlər trapdan düşəndə braziliyalını uzaqdan gördüm. Braziliyalıları da bilmirsiz? Özlərini elə aparırlar ki, sanki dünyada onlardan yaxşısı yoxdu, özlərini çox “boğurlar”. Bəxtim onda gətirmişdi ki, “Simurq” rəhbərliyindən həmin an hava limanında heç kim yox idi. Gömrüyü keçən kimi ona yaxınlaşdım və özümü təqdim etdim. Yanımda da ingilis dilini bilən var idi. Braziliyalıya tanışlıq verib bizimlə getməli olduğunu söylədim. Həmin an nə desə, yaxşıdı? Qayıdasan ki, “mənə demişdilər Zaqatalada “Makdonalds” var. Haradı ora?” Anidən öz dilimizdə onu söyüb, Tiflisin mərkəzindəki böyük restoranlardan birini göstərdim, “bura sən dediyin yerdi” söylədim. Bu minvalla onu Tovuza gətirdim. Yazıq yalnız ertəsi gün, müqaviləyə qol çəkəndə ayıldı ki, Zaqatalaya yox, Tovuza gəlib və “Turan”la müqavilə bağlayır. Mövsümboyu hər dəfə məni görəndə onu aldatdığımı başıma qaxınc edirdi.

“Sən Yaqo qışqırmasaydın, qol vuracaqdım”
2004/05 mövsümündə “Turan”da Side adında qaradərili futbolçu oynayırdı. Mən onu “Yaqo” deyə çağırırdım. Onun da bu addan xoşu gəlmirdi. Şensoy da Sideni bəyənmirdi, çox vaxt ehtiyat oyunçular skamyasında saxlayırdı. “Turan” “Bakı”nı qəbul edirdi. Hesab 0:0 olarkən o real qol şansı qazandı. Həmin an özümü saxlaya bilmədim və kənardan “Yaqo” qışqırdım. Bədbəxt yaxın məsafədən qapıya düşə bilmədi. Əvəzində texniki zonaya qaçdı və üzünü mənə tutaraq “s..” dedi. Şensoy da əsəbləşərək onu əvəzlədi. Gəlib ehtiyat oyunçular skamyasında oturanda gördüm çox dilxordu. Səbəbini soruşdum. Nə desə, yaxşıdı: “Sən “Yaqo” qışqırmasaydın, qol vuracaqdım, sənin sözünə görə səhv etdim”. Onun bu sözünə yanımızdakıların hamısı ürəkdən güldülər.

“Döyülməmək üçün sakitcə aradan çıxdım”
1994/95 mövsümü idi. Tovuzda “Neftçi”ni qəbul edirdik. Hamı bilir ki, “Turan” ən zəif vaxtlarında belə “Neftçi”, “Kəpəz” və “Şəmkir”lə oyunlara xüsusi hazırlaşırdı. “Qərb derbisi” öz yerində, ancaq Bakı klubu ilə görüşlərdə ayrıca intriqa var idi. Həmin il Gəncədə “Kəpəz”lə oyunumuzda da böyük dava-qırğın olmuşdu. Bir gün öncədən rəhbərlik mənə görüşün hakimlərini qarşılamaq tapşırığı verdi. Həmin illərdə Tovuzdakı oyunlarda tribunalar tam dolurdu. Rayon camaatı ancaq futbolla yatıb-dururdu. Ertəsi Tahir Süleymanovun rəhbərlik etdiyi hakimlər briqadasını qarşılamaq üçün dəmiryolu vağzalına yollandım. Hakimlər qatardan düşən vaxt, Posu deyilən biri var idi, onun dəstəsi hakimlərin üstünə hücum çəkdi. Bilmirəm, hardansa xəbər tutmuşdular ki, onlar məhz qatarla gələcəklər. Gözüqızmış cavanlar hakimləri “Neftçi”yə işləməkdə ittiham edib, onları vurmağa başladılar. Onlarla yanaşı, mənə də bir-iki yumruq dəydi. Çətinliklə də olsa, ədalət təmsilçilərini aradan çıxarıb maşına otuzdurdum. Salona baxanda gördüm ki, yan xətt hakimlərdən biri - Ruhulla Kərimov aramızda yoxdu. Hardadı? Heç kim sualıma cavab verə bilmədi. Ürəyimə qorxunc fikirlər gəlsə də, səsimi çıxarmadım. Düşündüm ki, iki hakimi bazaya çatdırım, sonra Ruhullanın axtarışına çıxım. Bazaya çatanda gördük ki, Kərimov oturub çay içir. Biranlıq hər şeyi unudub “Ruhulla, mən sənə görə təlaş keçirirəm, ağlıma hər cür fikir gəlir, sən isə heç nə olmyıbmış kimi gəlib burda çay içirsən. Adamda bir məsuliyyət olar” dedim. Ruhulla heç nə olmayıbmış kimi əhvalını pozmadan “gördüm hamınızı döyürlər. Döyülməmək üçün sakitcə aradan çıxdım. Mənə də nəsə dəyməliydi?” deyib, çay içməyə davam etdi.

Bara giriş 1000 dollar
Komanda Türkiyədə təlim-məşq toplanışında olduğu vaxt idi. Naci Şensoy bütün futbolçulara saat 23.00-da yatmaq göstərişi verib. “Odboy”dan sonra çalışdırıcı ilə birlikdə otelin barına düşmüşdük. Bir müddətdən sonra gördüm ki, Ramal Hüseynov bara girdi. Şensoy arxası girişə doğru oturduğundan Ramalı görmürdü. Mən onu görüncə göz-qaşla çölə çıxmasına işarə etdim. Barda adam çox olduğundan və salon yarımqaranlıq idi deyə Hüseynov Naci bəyin orda olduğunu görməmişdi. Futbolçumuz gülə-gülə mənə yaxınlşaraq, “nə göz-qaş edirsən, baş məşqçi artıq yatıb, istirahət etmək istəyirəm. Sən burda otura bilirsən, mən yox” demişdi ki, Şensoy geri çevrilib Ramala baxdı. Türk çalışdırıcı onun söylədiklərinin hamısını eşitmişdi. Hoca “Ramal, istirahət edə bilərsən, ancaq buna görə cərimə ödəyəcəksən” söyləyib, pivəsini içməyə davam etdi. Ramal o dəqiqə geri çevrilib barı tərk etdi. Ancaq bu onu cərimədən qutarmadı. O hərəkətinə görə 1000 dollar ziyana düşdü.

Texniki zonaya atılan daş
Salyanda “Muğan”la qarşılaşırdıq. Həmin oyunda bizə 1 xal da sərf edirdi. Komandanın baş məşqçisi də gürcü Revaz Dzodzuaşvili idi. İlk yarıda qol vurmağı bacardıq. Həmin an yuxarıdan kimsə böyük daş parçasını bizim texniki zonaya, baş məşqçinin durduğu yerə tulladı. Bəxtimiz onda gətirdi ki, həmin an Dzodzuaşvili yerində oturmuşdu. İkinci hissədə meydan sahibləri hesabı bərabərləşdirməyi bacardılar və oyun heç-heçə başa çatdı. Qarşılaşmadan sonra bizim düşərgədə hamı sevinərkən, gördüm baş məşqçimiz bir tərəfə çəkilərək sakit dayanıb. Ona yaxınlaşaraq “istədiyimizə nail olduq, anaq siz kədərli görünürsüz” demişdim ki, yazıq sanki ürəyini boşaldırmış kimi “həmin daş mənə dəysəydi, nə olardı? Bu yaşda belə ucuz ölümlə dünyadan köçmək məni hələ də düşündürür. Mən necə sevinim?” söyləyib, az qala ağladı (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti