AFFA İntizam Komitəsinin Premyer Liqanın 22-ci turunda baş tutmuş "Qarabağ" - "Sabah" görüşü ilə bağlı qərar(sızlığ)ı bir anda aləmi bir-bir-birinə qatdı.
Sosial şəbəkələrdə gündəmə çevrildi.
Ki, niyə Masazır klubunun məşqçisinə güzəşt edilib?
Narazılıq dalğası səbəbsiz deyildi.
Matçın 84-cü dəqiqəsində yaşanan hadisə görüşdə 6 dəqiqə fasilə yaranmasına səbəb olmuşdu.
İki klubun ehtiyat skamiyasında oturanlar arasındakı kütləvi dava hətta oyunu kölgədə qoymuşdu.
Hadisələrin mərkəzində "Sabah"ın məşqçisi Valerio Zuddas olmuşdu.
"Qarabağ"ın məşqçisi, klubun əfsanəsi Müşfiq Hüseynova qarşı təhqiramiz jest nümayiş etdirən əcnəbi haqlı olaraq qarşı tərəfin sərt reaksiyası ilə üz-üzə qaldı.
Başverənlərə görə öncə Valdas Dambrauskas, ardınca Zuddas üzr istədi.
Bu qədər başverənlərin fonunda AFFA İntizam Komitəsinin heç bir qərar çıxarmaması hamını şoka saldı.
Xüsusilə həmin anın görüntülərinin sonradan mətbuatda yayılması odun üzərinə benzin tökmüş oldu.
Sosial şəbəkələrdə, mətbuatda İK-nın hadisənin üzərindən səssiz keçməsi qınanıldı.
Hətta AFFA-nın "Sabah" klubuna köməyi kimi qiymətləndirildi.
Yaxşı ki, belə məqamda AFFA rəhbərliyi başverənlərə səssiz qalmadı.
İctimai qınağa anında reaksiya verildi.
Xüsusilə baş katib Cahangir Fərəcullayevin məsələdə qətiyyət göstərdiyini qeyd etməliyik.
Məhz onun əsas tələbi ədalətin qısa müddətdə bərpa edilməsi olub.
Hər halda, heç nə olmayıbmış kimi üzərindən keçmək olardı.
Necə ki, əvvəlki illərdə belə hallar çox yaşanıb.
Cəmi bir neçə saat sonra AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” matçında baş verən kütləvi davanın hüquqi müstəvidə yenidən araşdırılacağını bəyan etdi.
Operativ reaksiya təkcə haqlı iradlara verilən dəyər deyil.
Həm də ədalətin bərpa olunması ilə "Sabah" ətrafındakı iddialar da aktuallığını itirmiş olar.
Bu mövsüm "tələbələr" oynadığı futbolla həqiqətən xoş sözləri haqq edir.
22 turdan sonra lider olması da təsadüfi deyil.
Ümumiyyətlə, bu komandanın kənar dəstəyə ehtiyacı yoxdur.
Öz gücünə də çempion ola bilər.
Amma bu cür hadisələr kollektivin işinə kölgə salmış olur.
Hamımızın da arzusu, istəyi məsələlərin ədalət çərçivəsində öz həllini tapmasıdır.
XANOĞLAN / SPORTİNFO.AZ

