Bu gün Premyer Liqa klublarının yarısında infrastruktur problemi var.
"Turan Tovuz" ev oyunlarını Bakıda keçirir. Müvəqqəti adı ilə artıq mövsüm başa çatır.
"Kəpəz" rəqiblərini Yevlaxda qəbul edir.
Naxçıvan təmsilçisi "Araz" illərdi sığınıb Mərdəkana.
"Şamaxı"nın ev oyunlarını keçirdiyi Şamaxı şəhər stadionunda işıqlandırma yoxdur, süni örtük yaxşı vəziyyətdə deyil.
"Karvan-Yevlax" bir müddət Şamaxıda ev oyunlarını keçirdi. Təmirdən sonra qayıtdığı Yevlax şəhər stadionunda işıqlandırma yoxdur. Yeni salınan süni örtüyün durumu da müsbət fikirlər almadı.
"İmişli" doğma rayondan 400 km uzaqda - Qubada rəqiblərini qəbul edir.
Yaranmış vəziyyət hamını narahat edir.
Əksəriyyət yaranmış mənzərənin günahını hazırkı AFFA rəhbərliyinin Premyer Liqada klub sayının artırmasında görür.
Səhviniz var, bəylər.
Bugünkü federasiya rəsmilərinin ən doğru qərarı elə klub sayının artırılmasıdır.
Həm də bununla futboladakı sələflərini ifşa etmiş oldular.
Belə ki, Rövnəq Abdullayev və Elxan Məmmədov dönəmində uzun müddət 8 komandalı "Bakı çempionatı" keçirildi.
Bölgə klubları sıradan çıxarıldı.
İnfrastrukturları baxımsızlıqdan yararsız hala düşdü.
Onun bərpasını gözləmək uzun zaman alacaq.
Ən ideal çıxış yolu işi bərabər aparmaq olardı.
Klub sayı artırılmaqla, infrastruktura nəzarət eynə anda irəli aparılsın.
Tovuz şəhər stadionunda problem aradan qaldırılır. "Turan"ın ayın sonuna evinə dönəcəyi gözlənilir.
Gəncə şəhər stadionunda işlər gedir. "Kəpəz" sonuncu turda "Neftçi" ilə matçı Gəncədə keçirəcək.
Qalır "Araz-Naxçıvan" və "İmişli"nin problemini çözmək.
Ümid edək ki, ən qısa zamanda bu iki klub da azarkeşlərini və futbol camiəsini sevindirər.
Bir sözlə, köhnə rəhbərliyinin dağıtdıqlarını qurmaq hazırkı rəhbərliyin üzərində qalıb.
Nə dərəcədə alınacağını zaman göstərər.
XANOĞLAN / SPORTİNFO.AZ

