Millinin baş məşqçisi nəyi səhv deyib? - Qalmaqallı açıqlamanın DETALLARI

Millinin baş məşqçisi nəyi səhv deyib? - Qalmaqallı açıqlamanın DETALLARI

Ayxan Abbasovun "Sumqayıt"la oyundan sonrakı məlum açıqlaması çox "şişdi", ona görə də məsələyə geniş toxunacam.

Öncə onu deyim ki, səsləndirdiyi fikirləri bədahətən deməyib. Onu ardıcıl suallarla bəndəniz qoparıb çıxarmışam.

Təəssüf ki, bəzi dostlar ümumi açıqlama kimi verib. Əksəriyyət də elə başa düşür ki, Abbasov mətbuat konfransına girər-girməz "bəzi klub rəhbərləri getməlidir" fikrini səsləndirib.

Yox, elə deyil.

Elə bu şeylərə görə uzun müddətdir mətbuat konfranslarına maksimum iştirak etmirəm. Çünki suallar bəzi hallarda düzgün yazılmır, ya da heç yazılmır.

Həmkarlarımı da başa düşürəm, çətin şərtlər altında bu işi görürlər. Məsələn, son konfransda verilən suallar səsyazmada normal eşidilmir.

Əslində bu dəfə də miks zonada müsahib gözləyirdim.

Son anda konfransa qatılmaq qərarı verdim. Daha dəqiqi həmkar tərəfindən aparıldım.

Ayxan Abbasov qısaca oyun barədə danışıb gedirdi.

Son anda əl qaldırıb sual verdim. Ardınca aramızda məlum dialoq yaşandı.

Böyük danışmaq kimi başa düşülməsin, konfransa girməsəm, nə bu açıqlama olacaqdı, nə də bu müzakirə.

Adamda konkret sual vermişəm - Futbolumuzda ancaq məşqçi və futbolçular dəyişir. Bəlkə həm də rəhbərlər dəyişməli/getməlidir?

Ya yalan danışmalı idi, ya da verdiyi cavab olmalıydı. Həqiqəti seçdi.

Gələk məsələnin açıqlama hissəsinə.

Futbolumuzun ən böyük problemlərindən biri "fatı otur, fatı dur" təfəkküründə idarə olunmasıdır.

Hansısa qövm bir balaca açıq danışanı, danışmaq istəyəni də "boğmağa" çalışır.

Sonra da deyirik ki, Qurban Qurbanov niyə şablon danışır?

Danışanın əli bala batdı, qaldı Qurban.

Düzdü, Abbasovu fikirlərinə görə əksəriyyət təqdir etdi.

Mən də alqışlayıram.

Adam səssiz-səmirsiz klubda və millidə pulunu qazana bilər.

Amma həm də danışır. Həqiqətləri deyir.

Özünə görə yox, sənin, mənim, hamımızın balasının gələcəyi üçün danışır.

Ki, düzələk/düzəldək.

Amma narahat olanlar da var. Niyə?

Ayxan Abbasov nəyi səhv deyib?

Azərbaycan futbolunda bu günə qədər bir klub prezidenti olmayıb ki, uğursuzluq olanda istefa verməsi cəhənnəm, heç olmasa sinəsini qabağa verib, səhvini boynuna alsın.

Heç mikrofon arxasına keçənini görməmişik.

Ayxan Abbasov çoxunun dilə gətirmədiyi həqiqətləri səsləndirib.

Medianın da işi izinə düşüb araşdırmaqdır.

"Söhbət kimlərdən gedir" sualı ətrafında axtarış edən həmkarlarımı gördüm.

Dəyişməli olan nə çox klub rəhbəri...

Başlayaq...

Elmar Baxşıyevi Andrey Demçenko ilə əvəzləyən klub rəhbəri günahsız ola bilməz.

Boşda olan Azər Bağırovu yox, getdiyi hər yerdə maksimum 1 il çalışan Saşa İliçə güvənən prezident qüsursuz hesab edilə bilməz.

9 ildə 6 əcnəbi baş məşqçi gətirib, 1 kubok qazanan rəhbər özünü dürüst hesab edə bilməz.

Qəpik-quruşla klub formalaşdıran baş məşqçini göndərib, yerinə gətirdiyi əcnəbinin yolunda milyonlar xərcləyən rəhbər ədalətli ola bilməz.

Uğurlu olan məşqçiyə qapını göstərən, hər mövsümü minimum iki baş məşqçi ilə başa vuran rəhbər(lər)in də danışmağa dili uzun ola bilməz.

Minimum 8-10 milyonla yola çıxan klubun avrokuboklarda gedəcəyi minimum yer Konfrans Liqasının qrupu olmalıdır. Əks halda, uğursuz damğası hamısının başının üzərindədir.

Klub rəhbərlərini Ayxan Abbasovun açıqlaması yox, Konfrans Liqasının liqa mərhələsində Ermənistan, Kosova, Finlandiya, Cəbəllütariq, Albaniya, İrlandiya təmsilçilərinin olması narahat etməlidir.

"Linkolin"in büdcəsi 3.5 milyon manatdır.

Bizdə aşağı-yuxarı bu məbləği hər il dövlət klublara ödəmir ki, hərəsi 12 legioner gətirib liqada iştirak xatirinə çıxış etsin. Sonda günahkar ancaq baş məşqçi və yerli oyunçular olsun...

XANOĞLAN İMANOV / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti