Azərbaycan milli komandası tarixinin ən böyükhesablı qələbəsini ada dövləti Sent Lüsiya millisi üzərində qazandı (6:1).
Bu qələbə isə idman ictimaiyyəti və şərhçiləri, eləcə də azarkeşlər tərəfindən ciddi uğur kimi qiymətləndirilmir.
Çünki rəqibin adını belə bu oyuna qədər çoxu bilmirdi. Amma yığmamız daha bir ölkənin millisi ilə görüşə hazırlaşır ki, bu komanda da bizə tanış deyil.
Milli komandanın növbəti rəqibi Syerra Leone yığması olacaq.
Qarşılaşma martin 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq. Adı belə dilə çətin oturan, hətta tekila içkisini xarırladan Syerra Leone FİFA reytinqində Azərbaycandan irəlidədir – 120-ci pillədə qərarlaşıb. Millimiz isə 127-ci yerdə qərarlaşıb.

Adı çəkilən ölkəyə gəlincə, Syerra Leone Afrika qitəsinin qərbində, Atlantik okeanı sahillərində yerləşən dövlətdir.
Ölkənin adı “Aslan dağları” anlamı verir. Ölkə şimaldan və şərqdən Qvineya, cənub-şərqdən isə Liberiya ilə həmsərhəddir. Paytaxtı Fritaun şəhəridir. Qonşusu Liberiya kimi azad edilmiş Afrikalı qullar tərəfindən qurulub (1791-ci ildə Fritaunu qurdular). Syerra Leone 1961-ci ildə ingilis müstəmləkə əsarətindən çıxaraq müstəqilliyini elan edib. 10 il sonra krallıq üsul-idarə sistemindən imtina edərək respublikaya çevirilib.

1990-cı illərdən başlayaraq 2002-ci ilədək dağıdıcı bir vətəndaş müharibəsi yaşayıb.
50 mindən çox insan həlak olub, 2 milyon insan yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb. Ölkədə BMT sülhməramlıları yerləşib. Bu dövlət almaz mədənləri baxımından zəngindir, buna baxmayaraq müstəmləkəçilərin təhrik etdiyi və göz yumduğu vətəndaş müharibəsi nəticəsində yoxsullaşıb. 2019-cu ildən erkən evliliyə qarşı mübarizə gücləndirilib.

Ölkə əhalisinin 78%-i islam, 21%-i xristian, 1%-i isə digər dinlərə sitayiş edir.
Əsas ixracat məhsulları almaz, pivə, siqaret, ayaqqabı və gön dəridir. Əhalinin sayı isə 7 milyondan yuxarıdır. Rəsmi dil ingilis dili olsa da, əhali arasında krio dili geniş istifadə edilir. Burada həm tropik macəralar yaşamaq, həm də tarixi irsi araşdırmaq mümkündür. Sakit çimərliklərdən tutmuş, vəhşi təbiət qoruqlarına qədər müxtəlif turistik yerləri ilə Syerra Leone Afrikada unudulmaz səyahət üçün ideal bir məkandır. 1995-ci ilin 13 mart tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb. Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf etdirilir.
Emil Salamoğlu

