"2027-ci ildə Azərbaycan və Özbəkistan U-20 dünya çempionatına ev sahibliyi edəcək.
Böyük tədbirlə bağlı müəyyən təşkilati işlər aparılıb".
Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycanın U-20 millisinin yeni baş məşqçisi Rui Jorjenin mətbuat konfransında deyib.
O, mütəxəssis haqda fikirlərini bölüşüb:
"Ötən həftə U-20 yığmasının baş məşqçi təyinatı rəsmiləşdi. Rui Jorje bu milliyə rəhbərlik edəcək.
Onun haqda AFFA-nın saytında müəyyən məlumatlar verilib. Rui yaxşı futbolçu karyerasına malikdir,
Portuqaliya millisində 45 oyun keçirib. 15 ilə yaxın Portuqaliyanın U-21 yığmasının baş məşqçisi olub.
İnanırıq ki, onun böyük futbol təcrübəsinin bizim futbolçulara müsbət təsiri olacaq, təcrübəsini futbolçularımıza ötürə biləcək və yığmamız dünya çempionatında uğurlu çıxış edəcək.
Rui Jorjenin iki köməkçisi var ki, onlar da Azərbaycanda yaşayacaqlar. Hər ikisi portuqaliyalıdır.
Yığmamıza həm də yerli və gənc məşqçilərdən biri təklif olunacaq.
Həmin məşqçi haqda ətraflı məlumat verə bilməyəcəyik. Yaxın vaxtlarda yerli məşqçi təyinatı haqda məlumat veriləcək".

