PFL pulu üstün tutdu - Premyer Liqa və Divizionu izləmək haqqı 10.99 avro oldu

22 Fevral 2023 18:00 Azərbaycan Futbolu 770
PFL pulu üstün tutdu - Premyer Liqa və Divizionu izləmək haqqı 10.99 avro oldu

"Bildiyiniz kimi "inSports TV" ilə bir aydan çox danışıqlar, test yayımları aparıldı.

Nəticədə Azərbaycan Premyer Liqasının və Divizionun internet üzərindən yayım hüququ bu şirkətə verildi.

Televiziya vasitəsilə isə "CBCSport" telekanalı əvvəlki kimi yayıma davam edəcək”.

Bunu Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev deyib.

Fevralın 10-da Peşəkar Futbol Liqası və “Insports.tv” beynəlxalq şirkəti arasında rəsmi müqavilə bağlanılıb.

Belə ki, 2022/2023 mövsümünün sonuna qədər Premyer Liqa və I Divizion yarışlarının internet üzərindən yayımı yalnız “Insports.tv” saytı və tətbiqində mümkündür.

Tətbiq ödənişlidir. PFL-in bu addımı birmənalı qarşılanmayıb və izləyicilərdə böyük hiddət doğurub. Buna kimi “yutub” platforması üzərindən hər iki yarışın qarşılaşmalarına tamaşa etmək olurdu, indi isə öul ödəmək lazımdır.

Sənan Abdullayev isə bildirib ki, bu anlaşmanı peşəkarlıq yönündə addımlardan biri saymaq olar:

“Əksər Avropa ölkələrində yayım hüququ hansısa şirkətə məxsusdur. Bu anlaşma üçün müəyyən məbləğ ödənilib.

Kommersiya sirri olduğundan, rəsmi rəqəmləri açıqlaya bilmərəm. Ancaq böyük məbləğ olmadığına əmin ola bilərsiz.

Əsas məqsəd sınaqdan keçirib, get-gedə ən yaxşısına nail olmaqdır. Anlaşmanın müddəti mövsümün sonuna qədərdir.

Bu zaman kəsiyi hər iki tərəf üçün özünü göstərmək baxımından önəmlidir. Əvvəl də sizin saytınıza açıqlamamda bildirdiyim kimi, bu anadək bizdən narazılıq olmayıb.

Qarşı tərəf də eynisini etməli olduğunu yaxşı dərk edir. Bu şirkət 37 ölkə ilə əməkdaşlıq edir.

Bu o anlama gəlir ki, aylıq abunə üçün 10 avro ödəyənlərə, yəni həm də dünya üzrə izləyicilərə Azərbaycan Premyer Liqası və Divizionunun canlı matçları, icmalları, qolları və s. təqdim edilir.

Əcnəbi ölkə vətəndaşları, xüsusən də məşqçilər, skautlar, analitiklər və s. mütəxəssislər çempionatımızı diqqətdə saxlaya biləcəklər.

Qiymətlərə gəlincə, bütün ölkələrin çempionatlarının aylıq limitsiz izləmə üçün abunə haqqı 10 avrodur. Bu pula tək futbol deyil, bir sıra digər idman növlərinin də yayımı daxildir.

İlk vaxtlarda yalnız Azərbaycan Premyer Liqası və Divizionu (ikisi birlikdə) izləmək haqqı aylıq 10.99 avro, istənilən tək oyunun ödənişi isə 7.99 avro idi.

Danışıqlardan sonra tamaşaçılarımız üçün bu qiyməti Azərbaycan Premyer Liqası və Divizionuna (ikisi birlikdə) görə aylıq 6.99 avroya, istənilən tək oyun üçün 3.99 avroya endirə bildik.

Bu platforma oyun davam etdiyi zaman bir çox imkanlar verir.

Məsələn, qollar, topun oyunda olma zamanı, təhlükəli vəziyyətlər avtomatik hazırlanır. Bir sözlə, abunəçi əziyyət çəkmədən hər şey əlinin altında olur".

Xəbər Lenti