“NEFTÇİ”nin İÇİndən: Samir Abasovu istefaya aparan SƏBƏBlər…

“NEFTÇİ”nin İÇİndən: Samir Abasovu istefaya aparan SƏBƏBlər…

Yıxılana balta vuran çox olar...

Təbii ki, mənim məqsədim balta vurmaq yox, həqiqətləri deməkdir.

Samir Abasova çox inanırdım. İndi də onun bacarıqlı məşqçi olmasına şübhə etmirəm.

Əksər oyunları da pis keçirməmişdi. Bəli, pis keçirməmişdi. "Neftçi"də isə belə söz birləşməsi səni uzun müddət ayaqda saxlaya bilməz.

Bu gün üçün həqiqət odur ki, Abasovun "Neftçi"dəki ikinci dönəmi çox bərbad keçdi.

Ötən mövsüm xilaskar ola bilmədi, bu mövsüm üçün isə yaradılan bütün imkanlara rəğmən nəticə arzuolunan olmadı.

İki oyunda "İmişli"ni uda bilməməyin, "Karvan-Yevlax"la görüşdə xal itirməyin bəraəti yoxdur.

Bəlkə də hansısa oyunlarda şansı gətirmədi...

Bəlkə də o şans dediyimiz ilahi ədalət idi.

Axı Abasov "Sumqayıt"ı müqaviləsi ola-ola tərk edərək, "Neftçi"yə getmişdi. Özü də heç bir təzminat ödənilmədən.

Həə, bir də Rza Cəfərovun, Elvin Camalovun, Murad Məmmədovun haqqını görməzdən gəlmək olmaz.

Camalov ötən mövsümün ikinci yarısında "Neftçi"nin birmənalı ən yaxşısı idi. Amma Sessi Dalmeyda gələr-gəlməz ehtiyat skamiyanın daimi sakininə çevrildi. Niyə?

Millimizin gənc qapıçısı, "Neftçi"nin öz yetirməsi olan Rza Cəfərovun isə klubu aldadan, yalnız Polşa toplanışının son günlərində düşərgəyə qoşulan Kenan Piriçin kölgəsində qalması ədalətli qərar deyildi.

Kapitanlıq sarğısının Rzadan alınıb, Kenan Piriç kimi "Neftçi"yə alternativ variant gözü ilə baxan birinə verilməsini isə şərh etmək istəmirəm.

İmad Farajın bütün şıltaqlığına dözən baş məşqçi Murad Məmmədova da arada gözünün ucu ilə baxmalı idi.

Abasov seçimlərində adları ön plana çıxardı. Belədə ədalət prinsipləri keçdi arxa plana.

Bu qərarları ilə təkcə "Neftçi"yə deyil, həm də öz karyerasına zərbə vurmuş oldu.

Daha qarşımızda çempion baş məşqçi yox, "Neftçi"dən qovulan baş məşqçi var...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti