Qurban Qurbanovun heykəli və asfalt üstündə futbol oynayan uşaqlar

08:50 Qarabağ 207
Qurban Qurbanovun heykəli və asfalt üstündə futbol oynayan uşaqlar

Cəmi bir neçə gün əvvəl Qurban Qurbanova heykəl qoyurduq.

Sosial şəbəkədə, mediada davamlı təşəbbüslər səslənirdi.

Axırda hoca “Sportinfo”ya müsahibəsində “Məncə, heç yerdə mənə heykəl qoyulmasın. Belə şeyin olmasını ümumiyyətlə istəmirəm. Mən bu xalqın övladıyam. Tapşırılan işi layiqincə yerinə yetirməliyəm. Heykəli qoyulası o qədər adam var ki... Bizim müharibədə o qədər qəhrəmanlarımız oldu, öz xarakterini ortaya qoyub ölümə gedənlər oldu... Onların haqqında daha çox danışılmalıdır, nəinki bizim. Bu, gündəlik iş rejimidir, bizə maneə olan, daş atan yoxdur. Sakitcə öz işimizi görürük”, - deyib, təşəbbüsə etirazını bildirdi.

Bəlkə də ürəyinə damıbmış ki, heykəl qoyulsa, cəmi 15 gün sonra ən azı həmin heykəlin yerinin dəyişdirilməsi təşəbbüsləri eşidiləcək... “Qarabağ”ın “Ayaks”la qarşılaşmasından sonrakı tənqid selinin yanında Bakını iki gündür ağuşuna alan sel-su yalan oldu. Həmin şıdırğı yağışda 90 dəqiqə+5 mübarizə aparan Qurban Qurbanovun yetirmələri “yağışdan çıxıb, yağmura düşdülər”. Bəzən son sözü, bəlkə də heç deyilməli olmayanı birinci deyirik, kəmfürsətlik edirik. Amma bir anlıq düşünmürük ki, hansı baş məşqçi komandasının növbəti tarix yazmasını istəməzdi? Yəni “Qarabağ”ın qələbə qazanmasını biz Qurban Qurbanovdan doğrudanmı çox istəyirik? Bu klub hansı yollardan gəlib, nə qədər çətinliklərə dözüb, axı az-çox bilirik. Dünyada “məcburi köçkün” statuslu bəlkə də tək komandadır “Qarabağ”. Amma köçkünlüyünə baxmayaraq, Avropanın ən güclü klublarının meydanında ev oyununda oynayırmış kimi mübarizə aparıb, qalib gəldikləri də olub, hələ Qarabağımızın işğal dönəmində ürəyimizə sərin su səpib, təskinliyimizə səbəbkar olub. Qarabağ adına qələbələrə tamarzı qaldığımız illərdə “Qarabağ” bizim ruhumuzu diri saxlayan klub olub.

Azarkeşlərin o leysanda, xüsusən də uşaqların və xanımların “Qarabağ”a dəstək verməsi də böyük fədakarlıq idi, hər birisinə təşəkkürlər! Amma elə azarkeşlik belə olur da...Niderlandan Bakıya uçub, elə yağmur altında dayanmadan klublarına dəstək verən mindən artıq hollandiyalını da unutmayaq. Belə çıxır “Ayaks” uduzsaydı, niderlandlı azarkeşlər klub üzlərini təyyarədən Xəzərə tullamalıydılar?

Azərbaycanın futbol tarixində neçə parlaq nəticə var? Məsələn, “Neftçi” komandasının 1966-cı ildə SSRİ çempionatının bürünc medallarını qazanması uzun illər ərzində futbolumuzun inkişaf göstəricisi kimi qeyd olunub, hətta AFFA medalların yubileyini də qeyd edib. Yaxud yenə “Neftçi”nin Ermənistan “Ararat”ını, “Pünik”ini məğlub etməsi, SSRİ-nin güclülər dəstəsində qalmaq uğrunda mübarizədən “sağ çıxması” kimi xatirələrimiz var. Amma bu gün “Qarabağ” niyə Niderland klubuna uduzdu deyib, mühakimə qurmuşuq. Futbolun vətənindən, dünya futbolunun əfsanə isimlərindən biri olan Qullitin ölkəsindən söhbət gedir, dostlar!

Insaf naminə unutmayaq, sevimli “Qarabağ”ımız bizi çox-çox irəli aparıb. Futbolla bağlı parlaq nəticələrin olmadığı məmləkətdə bu göstəriciləri qazanmaq, futbol bayramını təşkil etmək qəhrəmanlıqdır. Millimizin sabiq baş məşqçisi Şahin Diniyevin də bu barədə fikirləri var idi, Qurban Qurbanovun klubu bizi qələbələrə öyrədib. Vaxt var idi Avropanın ortabab klubu ilə qarşılaşmağı belə, uğur sayırdıq, bu gün “Benfika” kimi güclü klubu məğlub edib, “Çelsi” ilə başabaş oynayan klubumuzdan fantastik nəticələr gözləyirik. Bəli, elə məsələlər var ki, deyilməli, yazılmalıdır, tənqid də olunmalıdır, uğur qazananda haqqında yüksək fikirlər söylənilən istənilən şəxs gərək tənqidə də dözümlü olsun. Məncə, elə bu səbəbdən də Quran Qurbanov “nə deyəcəyimi bilmirəm”-söylədi. Usta məşqçidir, dünya miqyasında şöhrəti dolaşan futbol mütəxəssisidir, təbii ki, özü hər şeyi daha yaxşı bilir. Amma linç etmək insafdan deyil axı. Məgər Qurban Qurbanov istəməzdimi ki, klubunun növbəti qələbəsi sayəsində turnir cədvəlində mövqeyini daha da yaxşılaşdırıb, ilk 24-lüyə düşmək şansını artırsın? Məgər “Qarabağ”ın büdcəsinə daha bir neçə milyon avronun əlavə olunması, klubun aktivinə əlavə xalların yazılması, nəticəsə ümumiyyətlə, Azərbaycanın balına əlavələrin edilməsi istəyi yox idimi Qurban Qurbanovun? Bir azca insaflı olaq, lütfən, incitməyək...

Mən şübhə eləmirəm ki, Qurban Qurbanov və “Qarabağ” klubu növbəti iki oyunda daha çox fədakarlıq edəcək, 10 dekabrdakı azarkeş dəstəyinə görə, möhtəşəm dəstəyin qarşılığında, borcunu ödəmək üçün... Bu gənclərə dəstək olmaq lazımdır. “Qarabağ” döyüşürdü, ona qədər davam elədi ki, enerji tükəndi. Bəli, Koxalskinin möhtəşəm qurtarışları ilə paralel daha bir neçə qol şansından istifadə olunsaydı, nəticə başqa cür olardı və yəqin biz bu gün yenidən Qurban Qurbanovun heykəli mövzusuna qayıtmışdıq. Amma son 15-20 dəqiqədə enerji tükənməsi hadisəsi yaşandı. O leysan havada topun ağırlaşmasından tutmuş, meydançanın sürüşkən olmasına qədər çox şey oyunçuların əleyhinə idi. Oyunun gedişində əvəzləmə labüd idi. Düzdür, Nəriman Axundzadə və Aleksey Kaşuk etimadı doğrultmadı. Digərləri də qeyri-adi oyunla yadda qalmadı. Daha çox Nərimana görə qınanır Qurban Qurbanov, aşırı tənqid, lağlağı, daha nələr... Amma gəlin görək əvəzləmək üçün daha kimlər var idi? Bəlkə ehtiyatda dünya ulduzları var idi, Qurban Qurbanov onları meydana buraxmadı. 21 yaşlı Nərimanın son çempionat və kubok oyununda qəfildən görünüb qollar vurması ümidlər yaradırdı. Azərbaycan Premyer Liqasının 13-cü turunda “Karvan-Yevlax” qarşılaşmasında Nəriman Axundzadə dubl etmişdi. 80 və 89-cu dəqiqələrdə. Hətta bu haqda status paylaşmışdım, eyni gündə həm Mbappenin, həm də Nərimanın iki qol vurduğunu yazmışdım. UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən “Şelburn” – “Qarabağ” qarşılaşmasında isə “Qarabağ”ın 84-cü dəqiqədə vurduğu 3-cü qolunun müəllifi Nəriman olmuşdu. O günlərdə yazılanlara baxın, “sənin tayın-bərabərin yoxdur, Nəriman”, yazanların sayı bilirsinizmi nə qədər idi...Bu arada Nərimanın transfer olunması barədə də müzakirələr başlamışdı. Kim bilir, bəlkə elə Qurban hoca da belə göstəriciləri nəzərə alıb, üçüncü qol naminə Nərimana “stavka” eləmişdi.

Bu gün Qurban Qurbanovu öz klubunun başında gömək istəyənlər də var. Eləcə də bir neçə oyunçuya da... Küsdürəcəyik gedəcəklər, ondan sonra “Qarabağ” klubunun da şan-şöhrəti əvvəlki kimi olmayacaq...

Bu arada, Rəşad Sadıqovun baş məşqçisi olduğu “Qarabağ” klubunun U-19 komandasının UEFA Gənclər Liqasının əsas mərhələsində “Ayaks”ın müvafiq yaş qrupundan ibarət kluba 0:8 hesabı ilə uduzmasından danışanlar azdır. Bütün oyunlarda uduzub gənclərimiz və qapılarından 30 top buraxıb. Nərimandan iki yaş kiçik gənclərin göstəriciləridir. Problemi burada axtarmaq lazımdır, Tofiq Bəhramovdakı 10 dekabr qarşılaşmasında yox!

P.S. Təzə söhbətdir: həyətlərin birini abadlaşdırırdılar. Uşaqlar çox sevinirdilər ki, süni örtüklü futbol meydançası da qurulacaq. İşlər yekunlaşdı, uşaqların arzusu gözlərində qaldı. Sonradan iş icraçıları voleybol “meydançası” üçün ortadan xətt çəkdilər, heç tor da asmadan, uşaq başı aldatmaqdan ötrü...Hər gün oradan keçəndə görürəm ki, uşaqlar həmin “voleybol meydançası”nda futbol oynayırlar, daşa-betona çırpılar, əlini-ayağını əzən kim...Bəlkə də kağız üzərində həmin futbol və voleybol meydançası “tikilib” və Qurban Qurbanovu “yıxıb-sürüyən”lər arasında həmin iş içraçıları da var...

Elşad PAŞASOY

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!