Azərbaycan Kubokunda 1/8 final mərhələsini geridə qoyduq.
Mübarizəni davam etdirən Birinci Liqanın 3 təmsilçisi bu mərhələdə yarışdan kənarda qaldı.
Məni isə daha çox maraqlandıran aşağı liqa klubları ilə görüşdə Premyer Liqa təmsilçilərinin hansı heyətlə meydana çıxacağı idi.
Adətən aşağı liqa komandalarına qarşı görüşlər gənclərə şans vermək baxımından ideal fürsət hesab edilir.
Nəzərə alaq ki, legioner limitnin ləğvindən sonra yüksək liqada bu tendensiya tam dondurulub.
“Şamaxı” “Bakı Sportinq”lə oyuna gənclər millimizin üç üzvü - Sənan Muradlı, Edqar Adilxanov və Emil Süleymanovla çıxmışdı. Bunlardan başqa 22 yaşlı Həbib İsmayılov da start heyətində yer almışdı. Fasilədən sonra gənclər millimizin daha iki üzvü - Oruc Məmmədovla Rüfət Abbasov da meydana ayaq basanlar arasında idi.
“Difai” ilə qarşılaşan “Sumqayıt”ın da start heyətində gənclər millimizin üç üzvü - Xəyal Fərzullayev, Nadir Orucov və Nihat Əhmədzadə yer almışdı. Əlavə olaraq Saşa İliçin 18 yaşlı Vüsal Paşayevə də ilk “11-lik”də güvəndiyini qeyd edək. İkinci yarıda isə akademiyanın digər yetirməsi Ruslan Əliyev forma şansı aldı.
Premyer Liqada yerlilərə ən çox yer verən “Qəbələ”də bu dəfə Nicat Əliyev, Şahin Şahniyarov və Nugay Rəşidov ilk dəqiqələrdən meydanda idi. İkinci yarıda Kaxaber Tsxadadze Süleyman Damadayevlə bərabər 18 yaşlı Ziya Şəkərxanova şans tanıdı.
Premyer Liqada son turlar birqayda olaraq meydana əcnəbilərlə çıxan “Turan Tovuz”un Birinci Liqanın autsayderinə qarşı hansı dəyişiklərə gedəcəyi maraqlı idi. Kurban Berdiyev start heyətində Ayxan Hüseynov, Veysəl Rzayev, Abdulla Rzayev, Fərid Yusifli, Faiq Hacıyev, Rəhim Sadıxov kimi təcrübəlilərə yer tapsa da, gənclər yenə kölgədə qaldı. Yalnız 21 yaşlı yarımmüdafiəçi Murad Dadaşov 1 dəqiqə meydanda olmaq xoşbəxtliyini yaşadı.
Qısası, "Sumqayıt" və "Şamaxı"nın ön planan çıxdığını, "Turan Tovuz"un yenə kölgədə qaldığını deyə bilərik.
Deyək ki, Ayxan Abbasov gənclər millimizin baş məşqçisidir, yerli mütəxəssidir deyə gənclərə şans verməkdə hardasa maraqlıdır.
Bəs Kaxaber Tsxadadze və Saşa İliçə nə söz?
Kurban Verdıyevdən fərqli olaraq ikili vaxtaşır yerlilərə şans verməyi də unutmur.
XANOĞLAN İMANOV

