"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində evdə ilk məğlubiyyətini Niderland nəhəngi "Ayaks"dan aldı - 2:4.
Və final fiti verilən kimi hər kəs çıxdı günahkar axtarışına. Axı kimsə qurban seçilməlidir...
Həmin qurban da oldu Qurban Qurbanov.
Hamı sağdan-soldan döşəyir. Ki, əvəzetmələri düz etmədi.
Nəriman Axundzadəni yersiz yerə oyuna saldı və.s.
Səhv deyirlər? Qəti...
Hətta şəkillər düzəldib, alay edənlər də az deyildi.
Səhv edirlər? Qəti...
Çox da düz edirlər. Hələ az edirlər deyərdim.
Qurban Qurbanov daha artığını haqq edir.
Bugünkü yaşananlara görə tək günahkar özüdür.
Televiziyada izlədiyimiz, qəzetlərdə adlarını oxuduğumuz komandaların Bakıda nə işi var?
Axı bizə Çempionlar Liqası lazımdır?
Haramıza, nəyimizə yaraşır?
Gətirib çıxarmısan divlərin, nəhənglərin arasına.
Biz də başımızı itirmişik. Nə istədiyimizi, nə axtardığımızı, kim olduğumuzu unutmuşuq.
Özün böyümüsən, klubu böyütmüsən elə bilirsən kütlə də sizinlə paralel böyüyüb.
Heyf deyilmi "Zirə"nin, "Sabah"ın, "Araz-Naxçıvan"ın taleyini yaşamaq?
Biri birinci, digərləri də ikinci mərhələdə ələnib evə qayıtdılar.
Həmin kütlənin yanına.
Güldən ağır söz deyən olmadı. Yox, deyildi - rəqibləri güclü idi!
İndi də xan kefində oturublar Bakının mərkəzində.
Sizin onlardan nəyiniz artıqdır? Başqa çempionatda çıxış edirsiniz, yoxsa heyətinizdə dünya ulduzları çıxış edir?
Bəlkə, büdcəniz 10 dəfə artıqdır xəbərimiz yoxdur?
"Neftçi" ardıcıl üçüncü mövsüm avrokuboklara getməməyə hazırlaşır.
Siz də Çempionlar Liqasında "24-lüy"ə qalmağın planlarını cızırsınız. Nahaq...
Təsnifatlarda 1 mərhələ bəsimizdir, ikincidən siz də qayıdın, kəndə, qoşulun əhalisinə.
"Zirə"si, "Sabah"ı, "Neftçi"si, "Araz-Naxçıvan"ı necə, siz də elə.
Qurban müəllim, palaza bürün, el ilə sürün...
Axına qarşı getmək olmaz, Qurban müəllim.
Axı mətbut konfranslarının birində elə özünüz demişdiniz ki, atalarımız nə deyir, düz deyir...
Xanoğlan İmanov / SPORTİNFO.AZ

