"Beşiktaş"ın yox, "Neftçi"nin yanında olmaq zamanı - "Qarabağ" üçün B variantı yoxdur...

10 Avqust 2023 18:20 Gündəm 984
"Beşiktaş"ın yox, "Neftçi"nin yanında olmaq zamanı - "Qarabağ" üçün B variantı yoxdur...

Bu gün üç klubumuz Avropa kuboklarında üçüncü mərhələdə mübarizəyə başlayır.

Əlbəttə, Konfrans Liqasında "Neftçi" - "Beşiktaş" oyunu daha ajiotajlı keçəcək.

Rəqib favorit sayılsa da, unutmayaq ki, bu gün "Neftçi"də psixoloji ab-hava son illər heç vaxt olmadığı qədər yaxşı durumdadır.

Klubun bu oyunu yeni adı "Neftçi Arena" olan keçmiş 8-ci km. stadionuna salması isə fikrimcə, uğurlu addımdır. Çünki sabit sponsor gəliri olan klub birinci növbəti nəticəni düşünməlidir, sonra cibini.

Oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi, prinsipcə, "Neftçi"yə nəsə qazandırmayacaqdı. 40-50 min azarkeşin 90 faizinin həmin stadionda sanki gözəl dəniz mənzərəsini seyr edirmiş kimi səssizcə oturmağındansa, 10-11 minlik "Neftçi Arena"nın tam dolması, çılğın azarkeş dəstəyi, tribunalarla meydan arasında yaxınlıq futbolçuların əlavə güc qaynağı ola bilər.

Baş məşqçi Adrian Mutunun inamlı açıqlamaları da ayrıca qeyd edilməlidir. Əsas məsələ yeni oyunçuların bu oyuna tam hazır olub-olmayacağıdır. "Neftçi"nin yeni transferləri barədə indidən nəsə söyləmək haqda tələsmək istəməzdim. Amma mərkəz müdafiəçisi Yuri Matiasın oyununu, əzmkarlıq və inadkarlığını qeyd etmək olar...

Və bu oyun haqda sonda ayrıca bir fikrim də odur ki, "Başiktaş" qardaş ölkəni təmsil etsə də, onlara vəfa borcumuz olsa da, bu gün öz komandamız "Neftçi"nin yanında olmalıyıq.

Bu gün güclü azarkeş dəstəyinə ehtiyacı olan həm də "Qarabağ"la "Sabah"dır. Avrokuboklarda debütant olduğundan "Sabah"ın üzərində təzyiq yoxdur: nə klubun sahibləri, nə də ictimaiyyət səviyəsində.

Düzdür, rəqib "Partizan" (Serbiya) Avropada tanınmış klublardandır. Amma son illər klubun həm nəticələrində eniş var (son mövsüm daxili liqada 4-cü yer), həm də daxili ab-hava yaxşı deyil. Patrik Andradeni bu klubu tərk edib yenidən "Qarabağ"a qayıtması onlarla misaldan biridir.

Hələlik yeganə təəssüf doğuran məqam "Sabah"ın liderlərindən olan Coy-Lens Mikkelsin vicdansız hərəkətidir. Səudiyyə Ərəbistanına getmək istəyən Mikels dünən baş məşqçi Murad Musayevə bugünkü matçda oynamaq istəmədiyini söyləyib. Səbəb hər nə olursa olsun, peşəkar idmançı heç olmasa bu matçda (və ya bu mərhələdə) indiki klubunun yanında olmalı idi.

Nəhayət, "Qarabağ"...

Ümumi ab-havadan hiss olunur ki, son vaxtlar komandaya qarşı ictimaiyyət arasında soyuq, laqeyd münasibət yaranıb. Bunun anlaşılan və həm də anlaşılmayan səbəbləri var. Bəzi tənqidlər, tələblər haqlıdır, amma kluba, onun baş məşqçisinə yönələn əndazəni aşan fikirlər, təhqirlər Azərbaycan futbolunu 15 ildir çiynində daşıyanlara münasibətdə ən azı nankorluqdur.

Və məhz indi, bu gün elə bir gündür ki, komandanın yanında olmaq lazımdır. "Qarabağ"ın indiyədək məğlub etdiyi Polşanın klublarına bu dəfə uduzması (özü də çempionuna) əlbəttə, qanqaraldıcı faktdır, amma faciə deyil.

Bu gün "Qarabağ" Avropa Liqasında Finlandiya təmsilçisi HİK-lə qarşılaşacaq. Bu matça proqnoz verməkdən tamamilə uzağam, amma "Qarabağ" bütün göstəricilərdə rəqibindən üstündür. Odur ki, Qurban Qurbanov futbolçuları ilə birgə bu mərhələni keçməlidir.

B variantı yoxdur, olmamalıdr da.

Və məhz HİK-lə oyunlar bizə komanda ilə bağlı əsl mənzərəni üzə çıxaracaq ki, son vaxtlar "Qarabağ"ın oyunundakı bu eniş keçicidir, yoxsa uzunmüddətli (qol.az).

Aydın Bağırov

Digər Xəbərlər
Xəbər Lenti