Premyer Liqaya qayıdan “Şəfa” heyətini gücləndirməyə davam edir.
Yenidən formalaşmaq mərhələsindən keçən paytaxt təmsilçisi artıq üçüncü legionerlə anlaşıb.
«Ağ-göylər» bu dəfə Andrey Draqunu sıralarına qatıb.
O, rumıniyalıdır və 26 yaşı var. Cinah yarımmüdafiəçisi «Pandurii Tarqu»nun yetirməsidir.
Draqu son olaraq ölkəsində «Unirea Sloboziya»nın formasını geyinib. Öncəki illərdə isə «Lukeafarul Oradea», «Viitorul Panduri», «Botoşani» və «FCU 1948 Krayova»nın uğurları üçün tər töküb.
21 ildən sonra Premyer Liqaya qayıtmış «Şəfa» daha öncə Vlad Popla «nigah»a girib.
Son olaraq Rumıniya Superliqasında “Unirea Sloboziya”nın şərəfini qorumuş yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanıb. O, bu müddətdə 6000 dollar əməkhaqqı alacaq.
Transfer dəyəri 350 min avro olan 25 yaşlı orta sahə oyunçusu Rumıniyanın U-21 millisinin formasını geyinib. Geridə qalan mövsümdə 33 rəsmi matçda meydana çıxıb.
I Liqanın çempionu olaraq elitaya dönən «ağ-göylər» həmçinin Mohamed Medfaini sıralarına qatıb. Fransalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Onun 25 yaşı var. Ərəb kökənli vinger son olaraq «Şarleru»nun formasını geyinib.
Üç il ərzində burada 84 oyuna çıxıb, 14 qol vurub. «Ayaçço»nun yetirməsi indiyədək 3 ölkədə legioner həyatı yaşayıb.
Polşada «Olimpia Qrudziąd», Portuqaliyada «Marítimo» və Tunisdə «Monastir»ın üğurları üçün tər töküb.
SPORTİNFO.AZ

