“Onun İsrail Premyer Liqasına transferi bizim uzunmüddətli strategiyamızın bir hissəsidir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında FİFA lisenziyalı 'Asadov Pro Bridge' agentliyinin rəhbəri Emil Əsədov deyib.
Azərbaycan yığmasının vingeri Rüfət Abdullazadə yenidən legioner həyatı yaşayacaq. Xorvatiyada «Varajdin»ə məxsus yarımmüdafiəçi qarşıdakı mövsümdə İsraildə forma geyinəcək.
O, 1 il müddətinə «Kiryat Şimona»ya icarəyə verilib. Bu keçidin baş tutmasında mühüm rol oynamış tanınmış menecer aşağıdakıları söyləyib:
'Asadov Pro Bridge' olaraq əsas məqsədimiz futbolçularımızı sadəcə hər hansı kluba yerləşdirmək deyil, onların inkişafına birbaşa təsir edəcək düzgün çempionatlar seçməkdir.
Biz bir müddətdir Rüfətin öz potensialını tam aça bilməsi və vizyonunu genişləndirməsi üçün yeni variantlar, yeni meydanlar axtarırdıq.
Çünki əslində, Rüfət hazırda göstərdiklərindən çox daha yaxşı nəticələr əldə etməyə, daha böyük işlər görməyə qadir olan bir futbolçudur.
İsrail liqası çox dinamik, fiziki mübarizələrlə zəngin və yüksək templi bir futbola sahibdir.
İnanırıq ki, 'Kiryat Şmona' onun karyerasında ciddi sıçrayış nöqtəsi olacaq və o, öz real gücünü burada tam göstərəcək.
Bu keçiddə göstərdikləri peşəkar yanaşmaya və yüksək əməkdaşlığa görə Rüfətin müqavilə ilə məxsus olduğu Xorvatiyanın 'Varajdin' klubunun rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.
Sənədləşmə və danışıqlar mərhələsini uğurla tamamladıq. İndi əsas söz sahibidir Rüfətdir.
Onun bu mövsüm Azərbaycan futbolunu xaricdə layiqincə təmsil edəcəyinə inamımız tamdır'.

