"Qarabağ" dəstəkçisinin özünün indi dəstəyə ehtiyacı var - FOTOLAR

18 Mart 2023 19:40 Azarkeş 1 564
"Qarabağ" dəstəkçisinin özünün indi dəstəyə ehtiyacı var - FOTOLAR

Sosial şəbəkələrdə çoxları onu "Qarabağ" azarkeşi kimi tanıyır.

Elə mən də.

10 ilə yaxındır "Qarabağ FK News" adlı azarkeş səhifəsinin adminidir.

Söhbət Zəfər Hacılı profilinin sahibindən gedir. Onunla mənim də şəxsi tanışlım yoxdur. Amma yazdığı statuslardan, şərhlərdən çox böyük mərifət sahibi olduğu açıq-aşkar hiss olunur.

Bir müddət əvvəl isə paylaşdığı bir statusla hər kəsi kövrəltmişdi. Çünki mənim kimi çox insan ilk dəfə bildi ki, Zəfərin sağlamlığında ciddi problem varmış.

Elə video da futbol ictimaiyyətindən dəstək istəmək məqsədi ilə çəkilmişdi. Onun müalicəsi və əməliyyatı üçün lazım olan məbləğin böyük hissəsi toplanıb.

Zəfər bu dəfə status yazaraq qalan məbləğin toplanması üçün futbol ictimaiyyətindən dəstək istəyib:

"Dostlar, xatırlayırsınızsa, bu yaxınlarda səhhətimlə bağlı bir kampaniya başladılmışdı.

Bilməyənlər üçün xatırlatmaq istəyirəm ki, serebral iflic və ağır dərəcəli skoliozdan əziyyət çəkirəm (profilimdə ətraflı olaraq özümü tanıtdığım, bu məsələ barədə danışdığım video müraciətim də var).

Bunlardan bəhs etmək, paylaşım etmək mənim üçün çox çətindi, ağırdı... Ən pisi isə odu ki, durumum günbəgün daha da ağırlaşır, ağrılar artır, nəfəsalmamda çətinliklər yaranıb, nəfəs darlığı, sanki boğulmalar baş verir.

Son vaxtlar yatarkən belə çox əziyyət çəkirəm, onurğamda, qabırğalarımda bəzən elə şiddətli ağrılar olur ki...

Bunu izah etməyə çətinlik çəkirəm. Səhhətim məni sınağa çəkir. Ancaq ümidliyəm, nikbinəm hər şeyə rəğmən, heç vaxt ümidimi, inamımı itirmədim bu illər ərzində, hər zaman güclü qalmağa çalışdım, güclü olmağı sevirəm.

Müalicəm və əməliyyatım üçün gərəkli olan məbləğin böyük əksəriyyətinin toplanılması da məni gələcəyə ümidlə baxmaq üçün ümidləndirir, güclü edir.

Artıq cəmi 2700 manat çatışmır... Bu postu paylaşaraq mənə dəstək ola, lazım olan məbləğin qısa zamanda yığılmasında, müalicə prosesimin maksimum tez zamanda başlamasında mənə kömək edə bilərsiniz.

Maddi yardımızdan əlavə, dualarınıza da çox ehtiyacım var. Əsirgəməyin...

Kapital Bank

4169 7385 7996 4788".

Ümid edirik ki, tezliklə lazım olan məbləğ yığılacaq və həyat eşqi ilə yaşayan Zəfər öz sağlamlığına qovuşacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti