"Mançester Yunayted"lə "Vilyarreal" Avropa Liqasında finala qaldı - VİDEOLAR

7 May 2021 00:56 Avropa Liqası 869
"Mançester Yunayted"lə "Vilyarreal" Avropa Liqasında finala qaldı - VİDEOLAR

Avropa Liqasında finalçıların adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, yarımfinalın cavab oyunlarından sonra "Mançester Yunayted" və "Vilyarreal" həlledici qarşılaşmaya vəsiqə qazanıblar.

"Qırmızı şeytanlar" İtaliya "Roma"sını mübarizədən kənarlaşdırıb. Evdəki ilk matçda 6:2 hesablı qələbə qazanan Mançester təmsilçisi cavab görüşündə 2:3 hesabı ilə uduzsa da, adını finala yazdırıb.

Qarşılaşmada hesabı 39-cu dəqiqədə Edinson Kavani açıb. İlk hissə qonaqların minimal üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra fəallığı artıran "canavarlar" 57-ci dəqiqədə tarazlığı bərpa ediblər. Cəmi 3 dəqiqə sonra Brian Kristante 2-ci qolu "Mançester Yunayted"in qapısından keçirib.

Lakin meydan sahiblərinin qələbə sevinci 8 dəqiqə çəkib. Kavani özünün və komandasının 2-ci qolunu vuraraq, hesabı bərabərləşdirib. Matçda son nöqtəni isə 83-cü dəqiqədə "Roma"nın 19 yaşlı hücumçusu Nikola Zalevski qoyub.

Avropa Liqasının finalı mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Vilyarreal" isə 2 oyunun nəticəsinə əsasən, İngiltərə "Arsenal"ından güclü olub. İspaniyada rəqibinə 2:1 hesabı ilə qalib gələn "sarı sualtı qayıq" Londonda qolsuz bərabərliyə nail olaraq, finala adlayıb.

"Arsenal" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 0:0

İlk oyun - 1:2

"Roma" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 3:2

Qollar: Edin Ceko, 57, Brian Kristante, 60, Nikola Zalevski, 83 - Edinson Kavani, 39; 68

İlk oyun - 2:6

Digər Xəbərlər
Xəbər Lenti