Premyer Liqada heyəti əla dörd-beş komanda varsa, biri «Araz-Naxçıvan»dır.
Mübahisə etməyə dəyməz, Zaur Axundov bir əlinin beş barmağını da yağa batıraraq, baş məşqçilərə uzadıb.
Elmar Baxşıyev bu imkandan yararlana, çörəyi yeyə bilmədi.
Andrey Demçenko da həmçinin. Yanvarda sükanı yerli həmkarından təhvil alan ukraynalı nizam-intizam yaratmağı bacarmayıb.
Futbolçu onu dinləməyəndən, hər sözünü, hər tapşırığını qulaqardına vurandan sonra nə nəticə, nə zad?
«Araz» turnir cədvəlində özündən yuxarıda olalara qalib gəlməyə çətinlik çəkir. Gücləri ancaq əl-ayaq altında qalanlara çatır. Bu da gəlib çıxır intizam məsələsinə.
«Sabah»la qarşılaşma legionerlərin Demçenkoya münasibəti real müstəvidə görmək üçün bir vitrin oldu. Baş məşqçi sərəncamındakı hansı əcnəbi oyunçuya kənardan nə söylədisə, reaksiya ilə qarşılaşdı.
Kimi bir qədər sərt, kimi bir qədər yumşaq, kimi də sanki heç nə eşitmirmiş kimi Demçenkoya öz içindəkiləri göstərdi,
«Araz»ın gücü Axundovdadır. Naxçıvan Futbol Federasiyasının prezidenti oyundan əvvəl komandayla görüş keçirdisə, mükafat vəd etdisə, özlərini ora-bura vuracaqlar.
Ancaq sistemli iş olmadığından, baş məşqçiyə sayğı duyulmadığından, hər şey alayarımçıq alınır.
Liqanın liderinə oyunun gedişində iki qol vuran «Araz» fasilədən sonra məğlubiyyətlə barışdısa, Demçenko fikirləşməlidir - mənim daha burada nə işim var?
Qətiyyən sevilmir.
MUSA

