Azərbaycanlı futbolçular "Kocaelispor"da baxışda olacaq - FOTOLAR

14:00 Bizimkilər 100
Azərbaycanlı futbolçular "Kocaelispor"da baxışda olacaq - FOTOLAR

Türkiyə futbol bazarında rəsmi təmaslarını davam etdirən "Asadov Pro Bridge" futbol agentliyinin təsisçisi, FIFA lisenziyalı agent Emil Əsədov 10 günlük turnesi çərçivəsində gənclər futbolu ilə bağlı növbəti görüşünü keçirib.

Peşəkar komandalar və idman mütəxəssisləri ilə aparılan müzakirələrin ardınca, Emil Əsədov dünən Türkiyənin gənclər infrastrukturunda seçilən klublarından olan "Kocaelispor"un akademiyasının qonağı olub.

"Kocaelispor" rəhbərliyi ilə görüş

Ziyarət çərçivəsində Emil Əsədov "Kocaelispor" akademiyasının rəhbəri Aydın Günaydın və məşqçi heyətindən Ali Kemal ilə işgüzar görüş keçirib.

Görüşün əsas məqsədi Azərbaycanın gənc, perspektivli futbolçularının yay transfer pəncərəsi dövründə "Kocaelispor"a baxışa (sınaq mərhələsinə) göndərilməsi imkanlarını müzakirə etmək olub.

"Kocaelispor" akademiyası hazırda Türkiyədə gənclərlə iş sahəsində uğurlu strukturlardan biri hesab olunur. Klubun aşağı yaş qrupları üzrə komandaları U-17 və U-19 yaş kateqoriyalarında Türkiyə çempionu adını qazanaraq, öz potensiallarını sübut ediblər.

Belə bir infrastruktur və rəqabətli mühit Azərbaycanlı gənc istedadların təcrübə qazanması baxımından faydalı bir platformadır.

İlkin razılıq əldə olundu

Aydın Günaydın və Ali Kemal bəy ilə keçən müzakirələrin sonunda tərəflər arasında ilkin razılıq əldə edilib.

Razılığa əsasən, agentliyin skautları tərəfindən seçilmiş gənc yerli oyunçular yay aylarında kluba gələrək, özlərini sınamaq və Türkiyə futboluna adaptasiya olmaq şansı qazanacaqlar.

Akademiyanın rəhbərliyi də Azərbaycan futbolundakı gənc potensialla maraqlandıqlarını ifadə ediblər. Görüşün yekununda xatirə şəkli çəkdirilib.

Növbəti plan: Türkiyənin böyük agentlikləri ilə görüşlər

Klublar və akademiyalar səviyyəsində keçirilən görüşlərin ilkin mərhələsi tamamlanıb. "Asadov Pro Bridge" agentliyinin Türkiyə turnəsi çərçivəsində qarşıdakı günlərdə daha bir mühüm addım nəzərdə tutulur.

Belə ki, yaxın zamanlarda Türkiyənin 1-2 böyük və aparıcı futbol agentliyi ilə rəsmi görüşlərin keçirilməsi planlaşdırılır.

Bu görüşlərdə məqsəd transfer bazarında ortaq hərəkət etmək və oyunçu resurslarının qarşılıqlı mübadiləsi üçün tərəfdaşlıq əlaqələri qurmaqdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti