“Bunların hamısı Allahın mənə yazdığı yazıdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında vaxtilə “Şəmkir” in formasını geyinmiş ukraynalı hücumçu Viktor Kulikov deyib.
Onu 1997-ci ildə Azərbayacana “Bakılı”nın prezidenti Misir Əbilov dəvət etmişdi.
Əslən Rusiyadan olub Ukraynada doğulan və buranın vətəndaşlığını daşıyan forvard qısa zamanda ölkəmizdə məşhurluq qazanmağı bacardı.
1997-1999-cu illərdə “Bakılı”da (45 oyun, 7 qol) çıxış etdi, karyerasının ən parlaq illərini 1999-2005-ci illər aralığında (90 oyun, 28 qol)“Şəmkir”də yaşadı.
Azərbaycan çempionu oldu, Çempionlar Liqasında oynadı, qol vurdu, mərhələ adladı, bir sözlə, “Şəmkir” ona hər şey qazandırdı.
Lakin ən çox arzuladığı şərəfə - Azərbaycan millisinin formasını geyinməyə nail ola bilmədi.
O, artıq 30 ilə yaxındır Azərbaycandadır. Hətta futbolçu karyerasını başa vurandan sonra belə, Ukraynaya qayıtmadı.
Halbuki 4 ildir ölkəsi müharibə şəraitindədir:
“Hər birimizin qisməti var. 1997-ci ildə Azərbaycana gəlişimin təsadüf deyildi
. Bunu Yaradan istəmişdi, yazmışdı. Hər şeyə görə Allahıma təşəkkür edirəm.
Gəldiyim gündən insanların xoş münasibətini görmüşəm. Azərbaycanda milliyətçilik yoxdur, insanları bir-birindən ayırmırlar.
Ölkə, mentalitet, insanlar - hamısı möhtəşəmdir. Bu günə qədər hansısa narahatlıq hiss etməmişəm. Əksinə, çox rahatam”.

