“Qarabağ” bu şəxsi yaxşı xatırlayır – Onu siz də yaxşı tanıyın!

15 Fevral 2024 17:20 Araşdırma 7 003
“Qarabağ” bu şəxsi yaxşı xatırlayır – Onu siz də yaxşı tanıyın!

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliya “Braqa”sına qarşı keçirəcəyi ilk oyuna hakim təyinatları açıqlanıb.

Matç Danimarkadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Morten Kroq olacaq. Ona yan xətt hakimləri qismində Vollenberq Rasmussen və Steffen Bramsen kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Mikkel Redder yerinə yetirəcək.

35 yaşlı referi hakimlikdə zəngin təcrübəyə sahibdir. O, artıq 24 yaşından Danimarkanın yüksək liqa oyunlarına təyinat alıb.

2016-cı ildən FİFA referisi statusuna yiyələnsə də, baş hakim kimi avrokuboklarda debütü 2019-cu ilə təsadüf edib.

O, klub turnirlərində 14 qarşılaşmada meydanda əsas söz sahibi olub. Və həmin görüşlərin birində “Qarabağ” meydanda olub.

Söhbət 2021-ci ilin noyabrın 25-nə təsadüf edən “Qarabağ” – “Omoniya” duelindən gedir. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən oyun 2:2 hesabı ilə başa çatıb.

Danimarkalı ədalət təmsilçisi ilk hissədə Toral Bayramovun topa əllə toxunmasına görə ağdamlıların qapısına penalti təyin edib.

65-ci dəqiqədə isə rəqibin portuqaliyalı futbolçusu Kikoya ikinci sarı vərəqəni göstərərək onu meydandan qovub.

Yaşına görə təcrübəsi kifayət qədər zəngin olan Kroq ötən ilin oktyabrında İngiltərə nəhənglərinin matçlarına təyinat alıb.

Çempionar Liqasının qrupunda “Yanq Boyz” – “Mançester Siti”, Avropa Liqasının qrup mərhələsində “Liverpul” – “Union” görüşlərində fit çalıb.

O, karyerası ərzində baş hakim kimi təyinat aldığı 273 qarşılaşmada futbolçulara 976 sarı, 37 sarı vərəqə göstərib, 69 dəfə qapılara penalty təyin edib.

Fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti