Mbappe rekord qırır, mundial İlhan Mansızı, Tofiq Bəhramovu və Cekonu xatırlayır

02:10 Araşdırma 87
Mbappe rekord qırır, mundial İlhan Mansızı, Tofiq Bəhramovu və Cekonu xatırlayır

ünya çempionatı artıq təkcə komandaların deyil, fərdi rekordların da turnirinə çevrilib.

Son olaraq, Fransa millisinin lideri Kilian Mbappe İsveç üzərində 3:0 hesablı qələbədə vurduğu iki qolla futbol tarixinin ən möhtəşəm rekordlarından birinə imza atdı.

“Real Madrid”in ulduzu mundial karyerasındakı qol sayını 18-ə çatdıraraq argentinalı ulduz Lionel Messinin rekorduna yetişən iki ən məhsuldar futbolçudan biri oldu.

Bununla yanaşı, Mbappe dünya çempionatlarının pley-off mərhələsində ən çox qol vuran futbolçu rekordunu da yenilədi və “Qızıl buts” yarışında Messi ilə eyni pilləni bölüşür.

WhatsApp Image 2026-07-01 at 13.25.52.jpeg (91 KB)

Fransa millisinin lideri bununla kifayətlənmək istəmir. Mbappe bildirib ki, onun əsas məqsədi rekordlar deyil, dünya çempionu olmaqdır. Bununla belə, cəmi 27 yaşında dünya futbolunun ən böyük rekordlarını bir-bir yeniləməsi onun artıq əfsanələr sırasında yer aldığını göstərir. Belə gərgin atmosferdə bu gün və sabaha keçən gecə dünya çempionatının daha üç maraqlı 1/16 final qarşılaşması keçiriləcək.

WhatsApp Image 2026-07-01 at 13.25.51.jpeg (80 KB)

İlk görüş saat 20:00-da İngiltərə və Konqo Demokratik Respublikası milliləri arasında baş tutacaq.

İngilislər turnirin əsas favoritlərindən biri kimi çıxış edir. Qrup mərhələsində Harri Keyn, Cud Bellinqem və Markus Reşfordun liderliyi ilə inamlı oyun nümayiş etdirən “Üç Şir” hücum xəttində olduqca təhlükəlidir. Xüsusilə Bellinqemin yarımmüdafiədə yaratdığı dinamika komandanın əsas üstünlüklərindən sayılır.

WhatsApp Image 2026-07-01 at 13.25.53.jpeg (133 KB)

Konqo DR isə turnirin ən böyük sürpriz komandalarından biridir. Afrika təmsilçisi qrupun ən yaxşı üçüncülərindən biri kimi pley-offa yüksəlib və Özbəkistan üzərində əzmkar qələbə ilə böyük inam qazanıb. Fiziki gücü və sürətli əks-hücumları onların əsas silahıdır. Amma favorit əzici üstünlüklə İngiltərədir. İngilislər azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun hamıya məlum olan mübahisəli qərarı ilə sadəcə bir dəfə - 1966-cı ildə dünya çempionu olublar. 1990 və 2018-ci illərdə yarımfinaldan geri dönüblər. Son illərdə demək olar ki, hər mundialda favoritlər sırasındadır. Konqo DR isə Afrika futbolunun inkişaf edən təmsilçilərindən biridir. Dünya çempionatında bu mərhələyə yüksəlmələri ölkə futbolu üçün tarixi uğur sayılır.

TOFİQ SON.jpeg (115 KB)

Bu cütün qalibi 1/8 finalda Meksika ilə qarşılaşacaq. Oyun 5 iyulda Mexiko şəhərində keçiriləcək.

Günün ikinci qarşılaşması isə Belçika-Seneqal duelidir. Saat 24:00-da hakim start fitini çalacaq. Bu, günün ən bərabər qarşılaşmalarından biri hesab olunur.

SENEQ.jpeg (113 KB)

Belçika qrup mərhələsində hücum futbolu ilə seçildi. Kevin De Bruyne, Jérémy Doku və Loïs Openda kimi futbolçular istənilən müdafiəni çətin vəziyyətə sala bilirlər. Komanda Yeni Zelandiyanı 5:1 hesabı ilə məğlub edərək yüksək formada olduğunu göstərib.

Seneqal isə Afrika futbolunun ən təcrübəli kollektivlərindən biridir. Güclü fiziki hazırlıq, sürətli cinah oyunçuları və intizamlı müdafiə onların əsas üstünlükləridir. İraq üzərində 5:0 hesablı qələbə komandanın potensialını nümayiş etdirdi.

Tərəflərdən Belçika cüzi üstün hesab olunur. Belçika 2018-ci il turnirində üçüncü yeri tutub. Həminki “Qızıl nəsil”dən sonra yeni nəsil ilə yenidən zirvəyə qayıtmağa çalışır. Seneqalın ən böyük mundial uğuru 24 il öncəyə təsadüf edir. 2002-ci ildə sensasiya yaradaraq dörddəbir finala qədər irəliləmişdilər və orada qardaş Türkiyə yollarını kəsmişdi.

Futbolseverlər İlhan Mansızın vurduğu məlum qızıl qolu hələ də unutmayıblar. Bir sözlə, Seneqal Afrika futbolunun ən güclü millilərindən hesab olunur.

WhatsApp Image 2026-07-01 at 13.25.52 (1).jpeg (69 KB)

Bu cütün qalibi ABŞ-Bosniya və Herseqovina görüşünün üstün çıxan tərəfi ilə qarşılaşacaq. Yəni Belçika və ya Seneqalı növbəti mərhələdə daha bir ağır sınaq gözləyir.

ABŞ-Bosniya və Herseqovina mübarizəsi isə saat 04:00-da başlayır.

Ev sahibi ABŞ azarkeş amilindən maksimum istifadə etməyə çalışacaq. Maurisio Poçettinonun komandası sürətli futbol oynayır, yüksək pressinq tətbiq edir və turnirin ən intizamlı kollektivlərindən biri kimi görünür.

Bosniya və Herseqovina isə turnirin gizli təhlükəli komandalarından sayılır. Avropa seçmə mərhələsində və qrup oyunlarında göstərdikləri nəticələr onların asan rəqib olmadığını sübut edib. Fiziki futbol və standart vəziyyətlər Bosniyanın əsas üstünlüyüdür. Kağız üzərində favorit Amerikadır.

Yuxarıda da qeyd etdiyimiz kimi, qalib tərəf Belçika-Seneqal duelinin qalibi ilə 1/8 finalda üz-üzə gələcək. ABŞ üçün bu, turnirin ən ciddi sınaqlarından biri olacaq. Amerikanlar üçün ən yaxşı nəticə 2002-ci ildə dörddəbir final olub.

Bosniya və Herseqovina mundial tarixində məhdud təcrübəyə malik olsa da, texnikalı və döyüşkən futbolu ilə seçilir. Balkan ölkənin əsas ümidi yenə Edin Cekodur. Artıq 40 yaşında olmasına baxmayaraq, komandanın kapitanı və tarixi bombardiri hələ də meydanda həlledici fiqur olaraq qalır. 150-ci milli oyununa çıxmağa hazırlaşan Ceko Bosniya millisinin heyətində ən çox oyun keçirən və ən çox qol vuran futbolçudur. Onun təcrübəsi, liderlik keyfiyyətləri və vacib anlarda məsuliyyəti üzərinə götürmək bacarığı ABŞ ilə oyunda Bosniyanın ən böyük silahı hesab edilir. 2026-cı il dünya çempionatına vəsiqə yolunda həlledici qollar vuran veteran hücumçu bu mundialda da komandasını tarixi uğura daşımaq istəyir.

ABŞ müdafiəsinin əsas diqqəti məhz Cekonun üzərində olacaq, çünki o, cərimə meydançasında ən kiçik fürsəti belə qola çevirməyi bacaran nadir hücumçulardan biridir.

Bu üç qarşılaşma 2026-cı il dünya çempionatının növbəti mərhələsinin konturlarını müəyyənləşdirəcək. Kağız üzərində İngiltərə, Belçika və ABŞ favorit sayılsalar da, Konqo DR, Seneqal və Bosniya və Herseqovina artıq bu mundialda sürpriz etməyi bacaran komandalar olduqlarını göstəriblər. Elə buna görə də futbolsevərləri gərgin mübarizə, yüksək temp və gözlənilməz nəticələrin yaşana biləcəyi unudulmaz oyunlar gözləyir.

Cavanşir Abbaslı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti