80 milyon avroluq gözdağı – Başqa nə lazımdır?

28 Mart 20:00 Araşdırma 1 322
80 milyon avroluq gözdağı – Başqa nə lazımdır?

Həlledici qarşılaşmada Yunanıstanı penalti vuruşlarında məğlub edən Gürcüstan millisi AVRO-2024-ün final mərhələsinə vəsiqə qazandı.

Qonşu dövlətin futbol komandasını, eləcə də azarkeşlərini təbrik edir, turnirdə uğurlar arzulayırıq.

Təbrik etməyi, uğur arzulamağı başa düşdük. Bəs, bizimkilərin etdiyi üsyan nədir belə? İki gündür millət ayağa qalxıb ki, niyə gürcülərin bacardığını biz bacarmırıq? Futbolçularımız şikəstdir, ay nə bilim, AFFA-dakılar futbolu bilmir, daha nələr.

Dostum, biz futbolda gürcülərdən nə vaxt üstün olmuşuq? Elə bir dönəm olub ki, (“Qarabağ”ın Avropadakı oyunları xaric) gürcülər Azərbaycan futboluna həsəd aparıblar? Yoxsa yerli futbolçu bazası baxımından onları qabaqlamışıq?

Şota Arveladze “Ayaks”la “Reyncers”də xarüqələr yaratdığı illərdə biz Nazim Süleymanovun yaxın keçmişdə “Jemçujina”da vurduğu qolların xəyalları ilə yaşayıb, Vəli Qasımovun La Liqada debüt etməsinə sevinmirdikmi?

Kaxa Kaladze 10 illik “Milan” karyerasını başa vurub adını klubun tarixinə yazdıranda, azərbaycanlılar Vaqif Cavadovun “Tvente”ylə müqavilə bağlamasını bayram edib, meydana çıxacağı günü səbrsizliklə gözləyirdi. Mahir Şükürovun “Anji”də oynamasını böyük uğur kimi qələmə verirdik.

Temuri Ketsbaya “Nyukasl”da Alan Şirerlə çiyin-çiyinə qaçanda, Levan Kobiaşvili Almaniya Bundesliqasında qol vurmadığı qapıçı qalmayanda, Georgi Kinkladze “Mançester Siti”də 100 oyun həddişi aşanda, biz Qurban Qurbanovun “Fakel”də vurduğu qolları sayır,

Şahin Diniyevin “Hapoel”dən “Beytar”a keçidini müzakirə edir, Aleksandr Jidkovun əslən haralı olduğunu müzakirə edirdik.

Badri Kvaratsxeliya, Georgi Adamiya, Zurab Xizanişvili, Aleksandr İaşvili, Georgi Lomaya, Georgi Navalovski, Nika Kvekveskiri, Davit Volkov kimi gürcü futbolçular Azərbaycanda legioner həyatı yaşayıb və azarkeşləri başlarına and içməyə məcbur ediblər.

Gürcüstanda ortabab məşqçi sayılan Kaxaber Tsxadadze bu günə qədər Azərbaycan klubları üçün “yanğınsöndürən” hesab olunur.

Ölkə çempionu olub, “Birlik kuboku”nu Bakıya gətirib və hər dəfə hansısa komandada boş yer olanda onun adı çəkilib.

Mahir Emrelinin “Dinamo Zaqreb”də sonuncu dəfə nə vaxt meydana çıxdığını xatırlayan var? Renat Dadaşov Superliqada sonuncu dəfə nə vaxt qol vurub? Ramil Şeydayev Türkiyənin aşağı dəstəsində nə edir?

Bu sualların cavabını axtara-axtara bir də Xviça Kvaratsxeliyanın transfer dəyərinə baxın. Deyim? 80 milyon avro!

Söhbət yerli futbolçuların səviyyəsindən və milli komandalardan gedirsə, gürcülər həmişə bizdən üstün olub.

Bizi onlardan irəlidə göstərən yalnız puldur. Futbol topla yox, pulla oynanılsaydı, hə, onda Azərbaycan milliləri mötəbər yarışların final mərhələsinə vəsiqə qazanardı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!