Necə oldu ki, çempionatı Azərbaycandan zəif gürcülər tarix yazdı? - VİDEO+FOTOLAR

28 Mart 01:20 Araşdırma 201
Necə oldu ki, çempionatı Azərbaycandan zəif gürcülər tarix yazdı? - VİDEO+FOTOLAR

Gürcüstan milli komandası cari ilin yay aylarında Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı.

Bununla da qonşu ölkənin yığması ilk dəfə qitə birinciliyinin əsas yarışında iştirak edəcək.

Tarix yazan Gürcüstan millisinin bu uğuru həm sürpriz kimi qarşılandı, həm də onların inamlı çıxışının səbəbi maraq doğurdu. Necə oldu ki, daxili liqası Azərbaycan çempionatından zəif olan ölkənin yığması tarix yazdı?

Azərbaycan kimi Gürcüstanda da dövlət futbolun ikişafına xüsusi diqqət ayırmışdı. İllər öncə başladılan layihələrdə əsas məqsəd gürcü oyunçuları ölkə xaricinə çıxarmaq və legioner həyatı yaşamasını təmin etmək idi.

2015-ci ildə Gürcüstan Futbol Federasiyasının prezidenti postunda dəyişiklik oldu. Bu vəzifəyə ölkənin tanınmış futbolçularından olan Levan Kobiaşvili gətirildi. O daha çox Almaniyadakı çıxışı ilə tanınır. L.Kobiaşvili “Frayburq”, “Herta”, “Şalke” kimi klubların şərəfini qoruyub.

Məhz onun gəlişindən sonra Gürcüstan çempionatında mübarizə aparan klublara dövlət tərəfindən maliyyə ayrılmağa başlanılıb. Kobiaşvilinin ikinci dəfə prezident seçildiyi 2019-cu ildə dərc olunan hesabatda ümumilikdə ölkədəki 78 kluba 33.969.200 lari (21.332.657 manat) xərcləndiyi açıqlanıb.

Bu pulların böyük hissəsi əsas liqada mübarizə aparan komandalara ayrılıb. Məhz oradan çıxan futbolçular Avropa nəhənglərinin heyətində top qovmağa başladılar.

Hazırda gürcülərin əsas yığmasındakı oyunçuların 90 faizi legioner həyatı yaşayır. Bu isə komandanın uğur qazanmasını şərtləndirir.

Komandanın qapısını qoruyan Giorgi Mamardaşvili İspaniya La Liqasında çıxış edən “Valensiya”nın əsas çərçivə qoruyucusudur. Müdafiə xəttində “Şaxtyor”da (Donetsk) çıxış edən Giorgi Qoçoleişvili, İtaliyanın “Kremoneze” klubunda oynayan Luka Loçoşvili, “Torino”ya məxsus Saba Sozonov var. Lakin maraqlıdır ki, bu oyunçuların heç biri əsas heyətdə meydana çıxmır. Komandanın baş məşqçisi daha çox təcrübəli müdafiəçilərə güvənir. Arxa xətdə Quram Kaşia, “Neftçi”də çıxış etmiş Solomon Kverkvelia və Laşa Dvali oynayır. Bu futbolçuların hər üçü müxtəlif ölkələrdə legioner həyatı yaşayır.

Komandanın yarımmüdafiə xəttini Otar Kakabadze (“Krakovia”, Polşa), Giorgi Koçoraşvili (“Levante”, İspaniya), Otar Kiteişvili (“Şturm”, Avstriya), Levan Şengelia (“Panetolikos”, Yunanıstan) təşkil edir. Onları əvəz edənlər də Avropanın müxtəlif liqalarında oynayan futbolçulardır.

Hücum xətti isə İngiltərənin “Uotford” klubunda top qovan Giorgi Çakvetadze, “Napoli”nin və Avropanın gənc ulduzlarından sayılan Xviça Kvaratsxeliya və Almaniyanın “Karslure” klubunda oynayan Budu Zivzivadzedən qurulub.

2015-ci ildən başlayan planlama bu gün Gürcüstan futbolunu Avropanın 24 ən güclü komandası arasına qatdı. 9 il ərzində inkişafa nail olundu.

Həmin illərdə Azərbaycan futbolu üçün proqram yaradılsa da, hələ ki, ayrılan vəsaitlərin hara xərcləndiyi bəlli deyil. Azərbaycan Futbol Federasiyası gürcülərin plan qurduğu vaxtlarda xaricdə Azərbaycana az da olsa, bağlılığı olan futbolçuları, türkiyəli oyunçuları milliləşdirməklə məşğul idi. Daha çətin rəqibləri sıradan çıxararaq final mərhələsində mübarizə aparacaq gürcülərdən fərqli Azərbaycan yığması daha asan komandalar qarşısında aciz qalmaqda davam edir. Elə, məsələn, Monqolustan kimi. Cəmi 5 dəqiqə də dözsəydilər, biz də asiyalıların futbol tarixinə düşəcəkdik.

Elsevər Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti