“Bayer Leverkuzen”in səfər planı məlum olub.
Baş məşqçi Xabi Alonso ötən dəfə olduğu kimi, bu dəfə də qəribə addımla diqqət çəkib.
Beləliklə, “Bayer” Bakıya matçdan bir gün əvvəl təşrif buyuracaq. Qonaqları gətirən təyyarə martın 6-da Bakı vaxtı ilə axşam 22.00 radələrində Bakıya enəcək.
Bu isə o deməkdir ki, “qırmızı-qaralar” nə paytaxtımızda oyunöncəsi məşqə çıxacaq, nə də Xabi Alonso matçdan öncə jurnalistlərin suallarını cavablandıracaq.
Almaniya təmsilçisi şəhərimizin dəbdəbəli otellərindən olan “Hilton”u seçib.
Maraq üçün bildirək ki, komandalar arasında noyabrın 9-da Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda baş tutan oyun zamanı da “Bayer” ölkəmizə matçdan bir gün əvvəl gəlmişdi.
Axşam saatlarında paytaxtımıza eniş edən almanlar oyunöncəsi məşqə ehtiyac duymamış, Xabi Alonso jurnalistlərin önünə çıxmamışdı.
Leverkuzenlilər həmin vaxt “Abşeron Marriott”da məskunlaşmışdı.
Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-dəbaşlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

