Azərbaycanlı futbolsevərlərin ümid yeri olan “Qarabağ” növbəti sınaq qarşısındadır.
Qrup mərhələsini inamla dəf edən “köhlən atlar” pley-off mərhələsində “Braqa” ilə qarşılaşacaq.
İlk oyun fevralın 15-də səfərdə keçiriləcək ki, rəqibin heyətində ciddi itkilərin olması “Qarabağ” azarkeşlərinin növbəti mərhələ iştahasını xeyli artırıb.
“Qırmızı-ağlar”ın əsas siması Bruma zədə səbəbindən ağdamlılarla matçları buraxacaq.
Komandanın qol ümidi Simon Banzanın Asiya Kubokundan yeni qayıtdığını nəzərə alsaq, ilk görüşdə şans qazanmayacağı böyük ölçüdə dəqiqələşib. İspaniyalı müdafiəçi Adrian Marin də zədəsini sağaltmaqla məşğuldur.
Sözsüz, Portuqaliya təmsilçisi iki futbolçudan ibarət deyil. Kollektiv oyuna yer verməsi ilə fərqlənən, 11 fərqli ölkədən 30-a yaxın oyunçunun cəmləndiyi “Braqa”nın heyətində adları çəkilənlərdən başqa da təhlükəli futbolçular var.
Alvaro Dyalo bu gün üçün “Qarabağ”ın müdafiəçilərinə çətin anlar yaşada biləcək adamların başında dayanır.
“Braqa”nın “14 nömrə”si cari mövsümdə 5-i avrokuboklarda olmaqla ümumilikdə 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Əsasən sağ cinah vingeri mövqeyində çıxış edir, mərkəz hücumçusu kimi kifayət qədər effektlidir.
20 milyon avro transfer dəyəri olan Rikardu Horta “Braqa”nın ən parlaq simasıdır deyə bilərik.
O, meydanın hər yerində oynamaq bacarığı ilə seçilir. Hücumun sivri ucunda, sağ və sol vinger mövqeyində, oyun qurucusu kimi – bir sözlə, universaldır.
Cari mövsümdə meydanda olduğu 36 görüşdə 11 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. “Qarabağ”lılar ona nəfəs almaq imkanı verməməlidir.
Uruqvaylı Rodriqo Zalazarla Portuqaliya futbolunun canlı əfsanələrindən biri, 37 yaşlı Joao Moutinyo da “Braqa”nın yarımmüdafiə xəttindəki təhlükəli isimlərindəndir.
“Munisipial” stadionunda keçiriləcək “Braqa” – “Qarabağ” qarşılaşması fevralın 15-dən 16-na keçən gecə saat 00.00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

