“4-2-3-1 oyun formatına üstünlük verən Portuqaliya klubu meydanda oyunçu paylaşımı yaxşı həyata keçirir.
Ancaq mövqe seçimi və sığortalamalarında problemləri mövcuddur.
Xüsusilə sağ və sol cinah müdafiəçiləri ilə mərkəz müdafiəçiləri arasında boş zonanı blok etmək kifayət qədər yaxşı alınmır”.
Bu fikirlər Sportinfo TV-nin aparıcı-eskperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində fevralın 15-də Portuqaliyada keçiriləcək “Braqa” – “Qarabağ” matçı haqda danışıb.
O, ev sahiblərinin zəif və müsbət tərəflərini şərh edib.
Elçin Cəfərov bildirib ki, “Braqa” doğma stadion amilini nəzərə alaraq, ilk dəqiqələrdən oyunu meydanın “Qarabağ”a aid hissəsində keçirərək, erkən qol vurmağa çalışacaq.
Çünki qarşılaşmaya nəzarəti tam ələ almaq imkanı yaransın. “Qarabağ” bunu önləmək üçün mütləq həm toplu, həm də topsuz oyunda hazırlıqlı, ötürmələrdə daha sürətli olmalıdır:
“Braqa”nın məşqçilər korpusu hər matçda demək olar müxtəlif mövqelər üzrə rotasiyalar edir ki, bunun müsbət cəhəti də var.
Belə ki, əzbər start “11-liy“inin olmaması komandanın oyun planında müəyyən axsamalara gətirib çıxarır. Bundan “Qarabağ”ın yararlanmasına ümid edirik.
Sürətli oynayan komandalara qarşı matçlarda “Braqa”da xəttlərarası balans pozulur. Xüsusilə edilən basqı nəticəsində sağ cinahda yer alan Qomesin geriyə ötürmələrində ciddi nöqsanlara yol verdiyinin şahidi olmuşuq.
Rəqib hücumlar zamanı cinahlara daha çox üstünlük verir ki, burada xüsusilə Rodriqo Salasarın mərkəzdə yer almasına baxmayaraq, kənarlara düzgün açılması, sürətli ötürmələri ilə təhlükəli epizodlarla yadda qalır.
“Braqa”nın oyun planında önəmli rola malik olan Salasarın geri dönən toplardan sonra uzaqdan zərbələriylə də diqqət çəkməkdədir.
Yəni, bu futbolçuya qarşı daha diqqətli oynamaq, boş zonalar buraxmamaq lazımdır. Çünki bütün fazalarda keçid oyunları məhz bu futbolçunun üzərində qurulub.
“Braqa”nın daha çox rotasiya etdiyi zona hücum xəttidir. Belə ki, hücumun sivri ucunda son vaxtlar Abel Ruiz forma şansı əldə edir.
İspaniyalı forvardı bəzən fransalı Simon Banza əvəzləyir. Sağ cinahda Alvaro Colo, solda isə Rikardo Hortanın forma geydiyinin şahidi oluruq.
Hücumda ikili mübarizələrdə daha çevik görsənən Abel Ruizə qarşı mərkəz müdafiəçilərimiz təmkinli, kobudluğa yol vermədən mübarizə aparmalıdır.
Çünki ani toxunuş qapımıza penaltinin təyin olunması ilə yadda qala bilər”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

