Azərbaycan futbolunda bu gün kimi dindirsən "yaralı yer" olaraq uşaq futbolunu göstərəcək.
Məşqçilərin az maaş almasını qabardacaq, infrastrukturun yetərli olmamasını önə çəkəcək.
Və hər kəs də yaxşı bilir ki, illərdi şikayət olunan problemin həlli maliyyə tələb edir.
Maliyyə olsa infrastruktur yaxşılaşacaq və belədə mütləq uşaqların keyfiyyəti yüksələcək. Potensiallarını açmağa imkanları artacaq. Bacarıqlarını nümayiş etdirmək üçün şərait problemləri olmayacaq.
Məşqçilərin maaşlarının qaldırılması isə ilk növbədə ələ baxmağın, ikinci, bəzən üçüncü işdə işləməyin önünü kəsəcək.
Daha günün 3-5 saatını stadionda uşaqlarla keçirməklə yerlərində saymayacaqlar.
Qazanc normal olanda akademiyalara normal mütəxəssiləri cəlb etmək fürsəti artacaq.
Həmin mütəxəssislərin ölkə xaricində təcrübə keçməsinə yol açmaqla biliklərini daha da artırmaq olacaq.
Uşaq komandalarını ildə ən azı 2 dəfə beynəlxalq turnirlərə yollamaq, seçilən istedadları Avropanın ən yaxşı akademiyalarına yönləndirmək də çox fayda gətirəcək.
Rəhbərliyin qoyduğu və hamının əl-ələ verib bir sistemlə irəliləməsi çox çəkmədən öz müsbət işartılarını göstərəcək.
Bəs bu qədər sadə görünən problemlərin həllinə mane olan nədir?
Təbii ki, akademiyalara normal maliyyə ayrılmaması.
Bunu kim etməlidir? Klublar!
Amma etmirlər. Həmin klubların məşqçiləri, rəsmiləri də futbolumuzun probleminin fundamentdə olduğunu dilə gətirənlər sırasındadır.
Amma əmələ gələndə hərə bir kənara çəkilir.
Ki, avrokuboklara getməyin planlarını qursunlar. Təbii ki, istisnalar qaydanı dəyişmir. Aralarında buna qarşı çıxanlar da var. Amma sayları kimi mane olmaq resusları da azdır.
Uğurunda bütün pullarını sərf etdikləri həmin avrokuboklar isə "Qarabağ" xaric digər klublarımıza heç nə vəd etmir.
Futbolumuzun probleminin fundamentdə olduğunu deyənlər arasında olan azarkeşlər və mətbuatdan eşidilən təbrik, xoş sözlər xaric.
Ən kasıb saydığımız, problemlər burulğanında böyük çətinlik bahasına ayaq üstə dayandığını dediyimiz "Kəpəz"in bu gün 9 legioneri var. Hələ infrastruktur yoxluğundan doğma şəhərdən didərgin düşməyi demirəm.
Sonuncu pillədə qərarlaşan və maliyyə azlığı üzündən akademiyasında son illər istənilən səviyyədə diqqət göstərə bilməyən "Qəbələ"də bu say 12-dir.
Doğma stadionu ev oyunlarına hazır olmayan, müvəqqəti Mərdəkanda yerləşən "Dalğa Arena"ya sığınan "Araz Naxçıvan" 10 əcnəbiyə öz qapılarını açıb.
Zirəni təmsil edib, amma Bakı Olimpiya Stadionun yardımçı meydançasına möhtac qalan "Zirə"nin düşərgəsində 11 yadelli var.
İllərdi akademiyasının tikintisini başa çatdıra bilməyən "Neftçi"də 15 gəlmə xan kefindədir. Hələ yolda olanları demirəm.
Əsas komandası Masazırda, akademiyası isə "ASK Arena"da məskunlaşan "Sabah"ın 14 legioneri var.
Son illərə kimi bərbad süni meydançada çıxış edən, bütünlüklə "ASKO Arena"nın bir meydançasına sığınan, normal akademiyası olmayan "Səbail"də 12 legioner Azərbaycan manatını dollarla ölkəsinə yollayır.
Samir Abasovun əsas komandada oynatmağa bir normal sumqayıtlı tapmadığı "Sumqayıt"da 9 əcnəbi var.
Və indi də bəzi klublar iddia qaldırır, təklif verir ki, legioner limiti ləğv edilsin və ya artırılsın.
Akademiyaların güzəranın yaxşılaşdırmağa gələndə lazım olan qəpik-quruş tapılmır. Amma legioner limitini aradan qaldırıb onsuz da eşalonla gəlib-gedən əcnəbi sayını artırmaq üçün ortaya milyonlar çıxır.
Axı niyə? Premyer Liqada qalmaq və ya avrokuboklara getmək üçün bu qədər əcnəbiyə milyonlar töküb ölkəyə gətirməyə dəyərmi?
Ötən il "Şamax"ı bir legionerin xidmətindən istifadə etmədən mövsümü başa vurdu.
Bəli, özü liqadan aşağı düşdü, amma 10-a yaxın futbolçusu bu gün digər yüksək liqa klublarındadır.
Klub itirdi, futbolumuz qazandı.
Bu, hələ cəmi 1 ildə olan prosesin məhsuludur.
Deməli, illərlə sistem qurub, mexanizm yarada bilsək həm futbol eşqi ilə akademiyalara üz tutan uşaqların şəraiti yaxşı olar, həm də ölkənin pulları hansısa afrikalıya, braziliyalıya yox, məhz ölkənin öz kasıb övladlarına qismət olar.
Əminəm ki, bu gün hamımızın gözündə hansısa klubumuzun bir futbolçu yetişdirib 5 ildən sonra ölkə xaricində normal bir kluba yollamağı bacarması digər bir klubun həmin 5 ildə ardıcıl avrokuboklarda çıxış edib və maksimum 1 mərhələ adlamasından xeyirlidir.
İllərimizi boşa xərcləmişik. Milyonlar Azərbaycan futbolunun inkişafı adı illə illərdi gəlmələrə xərclənir.
Amma ortada bir nəticə yoxdur.
Başımız çox daşa dəyib, görünür, hələ də ayılmamışıq.
Əks halda gecə-gündüz futbolumuzun inkişafından danışanlar inkişaf yoluna legioner limitinin artırılmasından və ya ləğv edilməsindən yox, bərbad olan akademiyalarımızın durumunun yaxşılaşdırılmasından başlayardılar.
XANOĞLAN İMANOV
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

