Azərbaycan futbolunun təməlində bizi gözləyən mənzərə - FOTOLAR

3 Dekabr 2023 20:20 Araşdırma 969
Azərbaycan futbolunun təməlində bizi gözləyən mənzərə - FOTOLAR

Dünən Tovuza getməkdə məqsədim Azərbaycan Premyer Liqasının 15-ci turunun "Turan Tovuz" - "Sumqayıt" və "Kəpəz" - "Sabah" matçlarını izləmək idi.

Amma yolumu həm də Tovuz Olimpiya Kompleksindən salmalı oldum.

Səbəb adıçəkilən ünvanda AFFA-nın təşkilatçılığı ilə qərb bölgəsinin uşaq yaş qruplarının oyunlarının (U-10 və U-14 daxil) keçirilməsi idi.

Bura Ağstafa, Şəmkir, Tovuz və Gəncədən olan komandalar daxildir.

Oyunların çox acınacaqlı şərtlər altında keçirilməsi barədə məlumatlar almışdıq.

Düşündük ki, problem hər yerdə var. Bəlkə, həmin problemlər arasında 1-2 istedadlı uşaqla da rastlaşarıq. Bu minvalla yollandıq adıçəkilən ünvana.

Lakin gedib yerində tanış olduqda gördük ki, deyilənlər gördüklərimizin yanında yalanmış.

Eyni vaxtda ən azı 8 komanda meydanda mübarizə aparırdı. Ancaq hər hansı mühafizə xidməti yoxdur. Hansısa dava-dalaş düşsə, buna kim cavabdehlik daşıyacaq?

Kompleks binasının arxasında yerləşən süni örtüklü meydança futbol üçün yararsız haldadır. Beton örtüyün üzərinə çox nazik xalça sərilib. Zədə almaq ehtimalı yüksəkdir.

Qapıların torunda yırtıqlar nə qədər desən tapmaq mümkün idi. Kənara gedəcək topu da asanlıqla qol olaraq qeydə almaq olardı.

Paltardəyişmə otaqları yoxdur. Yeniyetmə uşaqlar dekabrın soyuğunda açıq havada forma dəyişməyə məhkumdurlar.

O da hər birinə forma çatsa.

Bəzən forma azlığı səbəbindən əvəzlənən futbolçu tərli halda öz formasını komanda yoldaşına verməli olurdu.

Ehtiyat skamiyadan söhbət gedə bilməz. Futbolçu olmaq arzusu ilə yaşayan uşaqlar soyuq hava şəraitində sağlamlıqların qurban verməyə məcburdular.

Əlcəksiz qapıçı görmək də mümkündür. Həm də bir yox, bir neçə komandanın çərçivəsində.21-ci əsrdə, futbolumuza bu qədər pulların ayrıldığı dövrdə meydançada cəmi 1 top vardı. Kənara çıxanda bəzən uzun müddət onun gətirilməsini gözləmək lazım gəlirdi. Çünki meydançanın kənarı böyük boşluqdan ibarət ərazidir. Yaxınlıqda olan dərəyə düşsə, vəziyyət daha acınacaqlı hal ala bilər.

Bəzi məşqçilərin uşaqlarla çox kobud davranışı diqqətdən qaçmırdı. Hətta siqaret çəkə-çəkə komandaya tapşırıqlar verəni də vardı.

Ən dəhşətlisi də odur ki, bu sayda komandanın, bu cür ağır şərtlər altında oynadığı oyunlar üçün həkim təminatı yoxdur.

Məşqçi və uşaqlardan "Həkim hardadı" - deyə ünvanladığımız suala müxtəlif cavablar eşitdik, amma konkret həkimlərin yerini, simasını göstərən tapılmadı.

Cavabsız suallar arasında var-gəl edə-edə üz tutduq Tovuz şəhər stadionuna.

"Kəpəz" - "Sabah" oyunun izləyib, Bakıya yola düşək.

Ki, Azərbaycan millisini yerli-yoxsa əcnəbi məşqçi çalışdırsın suallarına cavab axtaraq. Lazımlı suallar isə öz cavabını üstünü bağlamağa çalışdığımız futbolumuzun fundamentində bizi gözləyir.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti