Bakıda məşqçi ərini öldürən qadının məhkəmə işi nə yerdə qalıb?

27 Noyabr 2023 09:00 Araşdırma 381
Bakıda məşqçi ərini öldürən qadının məhkəmə işi nə yerdə qalıb?

“Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəyli yenidən tibbi ekspertizadan keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi prokurorun vəsatəti əsasında belə qərar qəbul edib.

Ə.Qalabəyli bundan əvvəl vəkilinin vəsatəti ilə ekspertizadan keçirilmişdi. Həmin vaxt ekspert rəy vermişdi ki, qadın müttəhim hazırda və əri qətlə yetirilən vaxt anlaqsız vəziyyətdə olub.

İbtidai istintaq dövründəki ekspert rəyində isə sonuncu rəyin əksi qeyd olunub.

Budəfəki prosesdə prokuror məhz sonuncu rəyə etiraz edib. İttiham tərəfi vəsatətini onunla əsaslandırıb ki, hazırda Ə.Qalabəylinin psixi və psixoloji durumu ilə bağlı ortada bir-birinə zidd iki rəy var:

“İstintaq dövründə də ekspertiza keçirilib və anlaqlı hesab olunub. O vaxt ekspertiza belə nəticəyə gəlib ki, Əfsanə Qalabəyli cinayət törədiləndə hərəkətlərinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olub.

Hazırda bir-birinə zidd iki rəy olduğuna görə təkrar ekspertiza keçirilməsinə ehtiyac var”.

Ə.Qalabəylinin vəkili Seymur Kərimov isə müvəkkilinin yenidən ekspertizadan keçirilməsinə razı deyil.

Vəkil prokurorun vəsatətinə etiraz edərək deyib ki, istintaq dövründə ekspertiza ambulator şəraitdə keçirilib. Məhkəmə zamanı təyin edilən ekspertiza isə stasionar şəraitdə olub:

“Müvəkkilim bir müddət ekspert-mütəxəssislərin müşahidəsi altında saxlanılıb. Onlar hərtərəfli müayinə və müşahidələrdən sonra rəy verib. Yenidən ekspertiza keçirilməsi təkrarın təkrarı olacaq”.

Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti prokurorun vəsatətini əsaslı hesab edib. Ə.Qalabəylinin təkrar psixiatrik ekspertizadan keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Hadisə ötən ilin sentyabrında olub. 36 yaşlı Əfsanə Qalabəyli özündən 13 yaş böyük həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə 13 bıçaq zərbəsi ilə qətlə yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ə.Qalabəyli məhkəmədəki ifadəsində ərinin illərlə ona əziyyət verdiyini, döyüb təhqir etdiyini, özü və uşaqları evdə ola-ola başqa qadınlar gətirdiyini deyib.

O, həmçinin hadisə baş verən vaxt anlaqlı vəziyyətdə olmadığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti