Özümüzü aldatmayaq - Biz haradayıq, harada olmalıyıq, haradan başlamalıyıq?

26 Noyabr 2023 20:40 Araşdırma 1 232
Özümüzü aldatmayaq - Biz haradayıq, harada olmalıyıq, haradan başlamalıyıq?

Biz haradayıq?

Harada olmalıyıq?

Haradan başlamalıyıq?

Bu sualları bir-birimizə çox ünvanlamışıq. Cavablarını da verməyə çalışmışıq.

Amma verilən və axtarılan cavablar elə danışılan yerdə qalıb.

Biz problemlərin harada olduğunu bilirik, amma problemleri başqa yerlərdə axtarırıq. Problemlərin uşaq futbolunda olduğunu bilirik.

Sadəcə, Premyer Liqa klublarımız Çempionlar Liqasının və Avropa Liqasının qruplarından niyə çıxa bilmir, onu axtarırıq.

Biz milli komandalarımızın uğursuzluqlarının səbəblərini araşdırırıq, bir çox mübahisə və müzakirələrdən sonra problemin kökü uşaq futboluna gəlib çıxırıq.

Gəldiyimiz və tapdığımız problemin kökündə dayanırıq. Dünyada və Avropada uşaq futbolu ilə bağlı gedən prosesləri izlədikdə, gördüyümüz yeniliklərə və aparılan işlərə baxdıqda, bu sualı veririk

Biz haradayıq?

Sonra bu sualı veririk: Harada olmalıyıq?

Sürətlə böyüyən vətənimizin, inkişaf edən iqtisadiyyatımızın, iştirak etdiyimiz bir çox yarışlardan nəticələr və medallar qazanan fərdi idman növlərimizə baxanda, futbolda da bu uğurların qazanılmasını istəyirik, «biz də oralarda olmalıyıq» cavabını veririk.

«Harada olmalıyıq» sualına biz ilk 2 sualın təməlində dayanan «Haradan başlamalıyıq» sualına cavabı düzgün və elmi əsaslara dayanaraq, məqsəd və hədəflərə gedən yolu birlikdə inkişaf etdirməliyik.

Əsas komandalar (A komanda) bir piramidanın zirvəsidir - həyatdır. Aşağı yaş qrupları, uşaq futbolu piramidanın təməlidir - həyatverəndir.

Həyatın davam etməsini, yəni ki, əsas komandalarımızın davam etməsini istəyiriksə, həyatverən, həyatın mühüm halqası olan uşaq futbolu davam etməlidir.

Məşhur hökmdar Çingiz Xanın dediyi kimi: “Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarır“.

Uşaq futbolu deyib keçməyək. Bu gün uşaq futbolunda elmi əsaslarıyla inkişaf edən və etdirilən bir nəsil Azərbaycan futbolunun gələcəyidir.

Hər klubun müxtəlif yaş qruplarında inkişaf edən futbolçuların hər yaş qrupu millilərimizin gələcəyidir.

Əsas komandanız nədirsə, aşağı yaş qruplarınız da odur. Uşaq futbolunuz nədirsə, böyük futbolunuz da odur.

Beləliklə, «haradan başlamalıyıq» sualına cavab üçün fikir ayrılığı deyil, düşüncə dəyişikliyi və fikir birliyi ilə «hər ikisi» deməliyik.

Bir nəsilin inkişafı davamiyyətdən asılıdır. Həyatı bir yerdən kəsib atıb başqa bir yerdən başlada bilməzsən.

Necə ki, əsas komandalar yaşamalıdır, inkişaf etməlidir, inkişaf etdirilməlidir, uğurlar qazanmalıdır, bir klubun təməli olan ona həyatverən uşaq futbolu da yaşamalıdır, inkişaf etməlidir, inkişaf etdirilməlidir, uğurla həyata davam etməlidir.

Bu həyat məhv edilməməlidir. Bütün klublarımız bu həyatı uşaq futboluna müəyyən bir yol verərək, əsas komandaların yaşamasını seçməlidirlər.

Futbol tariximizə nəzər salsaq, bir çox klubumuzun tarixə köçməsinin təməlində olmayan, qurulmayan uşaq futbolu dayanır.

Aşağı yaş qruplarının və infrastrukturun düzgün istiqamətləndirilməsi bir futbol klubunun gələcəkdə hədəflərinin və məqsədlərinin dəyişməsinə gətirib çıxaracaq.

Çünki ona istiqamət verən sənsən. Necə istiqamət verərsənsə, elə də məqsədlərini və hədəflərini dəyişərsən.

Səbrlə, elmi əsaslarıyla və inadla davam edən aşağı yaş qrupları inkişaf edərək, bir neçə nəsil sonra hər şeyin yerli-yerinə oturması və inkişafın davamlılığını gətirəcək.

Uşaq futbolu, düzgün qurulmuş infrastrukturu, yeni bir futbol həyatının başlanğıcı olaraq görürsənsə və yeni bir həyatın yenidən qurulması və əsas komandanı bir birindən müstəqil olduğunu düşünürsənsə, özünü aldatma!

Sakit Rzayev

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti