COP29

Azərbaycanda bu şəxslərə nağdsız alış-verişdə güzəşt və endirimlər olunacaq

20 Noyabr 2023 15:50 Araşdırma 440
Azərbaycanda bu şəxslərə nağdsız alış-verişdə güzəşt və endirimlər olunacaq

“Dövlət Sosial Müdafiə Fondundan (DSMF) pensiya və digər ödəniş alanlar üçün nağdsız alış-verişdə tərəfdaş şirkətlər tərəfindən güzəşt və endirimlər tətbiq olunacaq”.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, DSMF həmin qurumdan sosial ödəniş alanlara sosial dəstək məqsədilə “Sosial tərəfdaş” adlı yeni layihəyə başlayıb:

“Dövlət və özəl sektor arasında tərəfdaşlıq nümunəsi olan layihə DSMF-dən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan vətəndaşları əhatə edir. Həmin vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda pensiya və digər ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunacaq”.

H.Məmişov qeyd edib ki, müxtəlif şirkətlərlə birgə icrasına başlanan “Sosial tərəfdaş” layihəsi dövlət və özəl sektor arasında yeni tərəfdaşlıq və korporativ sosial məsuliyyət nümunəsidir. Layihə Fonddan sosial ödəniş alanlara dəstək, onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır.

Layihədə iştirak edən şirkətlərin siyahısı, habelə tətbiq olunacaq güzəşt və endirimlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına (sosial.gov.az) və ya DSMF (dsmf.gov.az) saytına daxil olaraq “Sosial tərəfdaş” bölməsində tanış olmaq olar.

DSMF sədri əlavə edib ki, ilin sonunadək endirim mexanizmi tədbiq olunan tərəfdaşların sayı 1000-dən artıq olacaq: “30 %-ə qədər endirimlərin edilməsi mexanizmi də sadədir.

Belə ki, vətəndaşlar kartlarını göstərərək bu xidmətdən yararlana biləcəklər. Yaxın zamanda təmaslı ödənişlərdə də tətbiq mümkün olacaq. 1 milyon 700 min nəfər endirimlərdən yararlana biləcək”.

Digər Xəbərlər
Xəbər Lenti