Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu görüşə çıxacaq.
Ölkənin bir nömrəli futbol komandası bu gün səfərdə Belçikanın qonağı olacaq.
UEFA oyunun taleyini Macarıstandan olan hakimlər briqadasına həvalə edib.
Meydanda yaşananlara Gerqo Boqar cavabdehlik daşıyacaq. Yan xətlərdə ona Teodoros Georgiou ilə Başa Szalay komək edəcək. Dördüncü hakim funksiyasını Ferenç Karako daşıyacaq.
32 yaşlı referi ilk dəfə 27 yaşında Macarıstanın yüksək liqa oyununa təyinat alıb. Bundan 2 il sonra isə beynəlxalq dərəcəli hakim statusuna yiyələnib.
Boqar 2020-ci ildən bu yana avrokuboklarda 13 oyunun yükünü çiyinlərində daşıyıb. Milli komandalar səviyyəsində isə cəmi 2 matçda baş hakim funksiyasını yerinə yetirib. Lakin bu qarşılaşmaların heç birində yolu bizimkilərlə kəsişməyib.
Macarıstanlı ədalət qoruyucusu amansız hakim kimi tanınır. O, idarə etdiyi qarşılaşmalarda göstərdiyi sarı və qırmızı vərəqələrin, həmçinin 11 metrlik cərimə zərbələrin sayına görə həmkarlarından seçilir.
Gerqo hər matçda “sarı” üçün əlini orta hesabla 5 dəfə cibinə aparır. Hər 4 oyunda 1 dəfə qırmızı vərəqə əl atır. Orta hesabla 3 matçda 1 dəfə penalti nöqtəsini göstərir.
Odur ki, çətin səfər oyununda, güclü rəqib qarşısında gərginlik altında olacaq milli üzvləri cərimə meydançasında son dərəcə ehtiyatlı davranmalı, rəqiblə mübarizədə diqqətli olmalıdır.
Noyabrın 19-da Brüsseldəki “Kinq Bauduin” stadionunda keçiriləcək Belçika – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

