“Qarabağ”a 5 milyon avro qazandıran Kadi “Krasnodar”a getməsinə peşman olmayıb ki?

17 Noyabr 2023 20:40 Araşdırma 6 112
“Qarabağ”a 5 milyon avro qazandıran Kadi “Krasnodar”a getməsinə peşman olmayıb ki?

“Qarabağ” azarkeşlərinin hələ də unutmadığı Kadi Borgesin Rusiyadakı işləri pis getmir.

Azərbaycanda məşhurlaşaraq bu ilin əvvəlində 5 milyon avro qarşılığında “Krasnodar”a transfer olunan braziliyalı yarımmüdafiəçinin formasının geyindiyi komanda təəccübləndirməkdə davam edir.

Krasnodarın eyniadlı təmsilçisi 15 turdan sonra topladığı 32 xalla turnir cədvəlinə liderlik edir.

Azərbaycanlı futbolsevərləri maraqlandıran suallardan biri Kadinin “Krasnodar” üçün nə dərəcədə vacib fiqur hesab edilməsi və hansı göstəricilərlə yadda qalmasıdır?

“20 nömrə” ötən mövsümün ikinci yarısında Premyer Liqada 7 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı. Ölkə kubokunda isə şans qazandığı 4 qarşılaşmada 2 dəfə fərqlənmişdi.

Ötən ilin aprelində aldığı ağır zədəyə görə uzun müddət yaşıl meydanlardan kənar qalan Borges ötən mövsümün sonunu boşa verib yeni sezona hazır olmaq üçün müalicə aldı.

Baş məşqçi Valdimir İliç zədədən yeni qayıdan Kadiyə qarşı ehtiyatlı davranmalı idi ki, braziliyalı bu səbəbdən cari mövsümün ilk oyunlarında əvəzetmədən meydana daxil olurdu.

Lakin zaman keçdikcə “11-lik”dəki yerini qaytaran sabiq “Qarabağ”lı ötən günlərini xatırlatmağa başladı. Və hazırda “Krasnodar”ın lider kürsündə əyləşməsində onun əməyi heç də az deyil.

O, cari Premyer Liqa mövsümündə 14 oyunda meydanda olub, bunların 7-də əsas heyətdə yer alıb. Assist müəllifi olmasa da, 2 dəfə adını qol müəllifi kimi tabloya yazıdırıb.

Ölkə kubokunun 6 matçında şans qazanıb. 1-də “11-lik”də olub, digər hallarda əvəzetmədən meydana daxil olaraq 2 qol və 1 məhsuldar ötürmənin müəllifi olub.

Kadi 2023-cü ildə “Krasnodar”ın formasında meydana çıxdığı 31 qarşılaşmada 7 qol və 2 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti