YENİ MÜƏMMA - Şəkillər silinib, yoxsa pullar itib?

11 Noyabr 2023 20:00 Araşdırma 855
YENİ MÜƏMMA - Şəkillər silinib, yoxsa pullar itib?

AFFA-nın dəstəyi ilə yaradılan Futbolun İnkişaf Fondu (FİF) ölkə futbolu naminə böyük işlər görməyə çalışır.

Maşallah, hansı rayona üz tuturuqsa fondun rəhbəri Tural Piriyev və əməkdaşları ilə qarşılaşırıq.

Tərkibinə xeyli sayda işçinin cəmləndiyi FİF-in indiyə qədər gördüyü ən səs-küylü iş “Turan Tovuz”la “Huner Group” arasındakı danışıqlarda yaxından iştirak etmək olub.

Xatırlayırsınızsa, FİF “dünyaya gələn” gündən ölkə futboluna “100k” layihəsi ilə səs salmışdı. “Turan Tovuz”la “Kəpəz”ə avtobusların alınması yönündə başladılan aksiyanın tələbinə görə, insanlar nəqliyyat vasitəsinin alınması üçün cibinin pulundan keçməli, sonra da şəklini avtobusun üzərində görməliydi.

Tovuzlular daha aktiv oldu. Qısa müddətdə müəyyən vəsait yığıldı, yerdə qalan pulu da “Huner Group” ödədi və beləcə klub son model avtobusa qovuşdu.

Odur ki, məşqçi və futbolçu heyəti bu ilin yazından nəqliyyat baxımından korluq çəkmir.

Pul verib şəklini avtobusun üzərində görmək istəyənlər isə hər dəfə stadiona daxil olanda üzgün duruma düşür. Ötən ildən başladılan aksiyanın üstündən 1 il keçib. Avtobusun alınmasının da 1 ili 3 aydan sonra tamam olacaq.

Məsələ ilə bağlı FİF-lə bir neçə dəfə əlaqə saxlasaq da, hər dəfə eyni cavabı eşitmişik: “Texniki problemləri yoluna qoymağa çalışırıq”.

Həllini tapmayan “texniki problem” aylardır davam edir. Bəlkə də sayt çöküb və ya vəsaitlərin kimlər tərəfindən göndərilməsi ilə bağlı baza yoxa çıxıb.

Dəqiq səbəb bilinmir. Dəqiq bilinən odur ki, tovuzlular özlərinin və övladlarının şəkillərini avtobusun üzərində görməyin intizarındadırlar.

Biri elə bilir avtobusu “Huner Group” alıb, pikseldən yığılan pullar kiminsə cibinə axıb. Bir başqası məlumat bazasının yoxa çıxdığını düşünür.

Digəri şəkillərin müasir texnologiya ilə yox, karandaş üsulu ilə əllə çəkildiyi üçün bu qədər zaman aldığını iddia edir.

FİF əməkdaşları məsələni tezliklə yoluna qoysa yaxşıdır. Əks halda, Tovuza növbəti səfərlərin birində yerli insanların ünvanladığı “Şəkillər silinib, yoxsa pullar itib” sualına cavab tapmaq çətin olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti