Qarabağ müharibəsinin qurbanları - Onların kimliyini necə müəyyənləşdirməli? - VİDEO

3 Mart 2021 09:30 Araşdırma 947
Qarabağ müharibəsinin qurbanları - Onların kimliyini necə müəyyənləşdirməli? - VİDEO

İşğalda olan ərazilərimizin alınması həm də birinci Qarabağ müharibəsi zamanı ermənilərin törətdiyi cinayətlərin üstünün açılmasına şərait yaradıb.

Erməni işğalından azad olunan ərazilərdə hərbiçilərimiz illər öncə qətlə yetirilən vətəndaşlarımızın meyitlərini aşkarlayıb.

Görüntülərdən məlum olur ki, ermənilər onlara işgəncə verib, hətta bir neçəsini bir-birinə bağlayaraq qətlə yetiriblər. Birinci Qarabağ müharibəsi dövründə xeyli sayda mülki və hərbi şəxs itkin düşüb.

Tapılan cəsədlərin indentifikasiyası və ailə üzvlərindən, qohumlarından nümunə götürməklə müəyyənləşdirmək olarmı? Bunun üçün xüsusi komissiya yaradılmalıdırmı? Ümumilikdə Qarabağ savaşı zamanı itki düşən, vəhşicəsinə qətlə yetirilən vətəndaşlarımızın xatirəsinin əbədiləşdirilməsi üçün Quba məzarlığı tipində muzey yaratmağa ehtiyac varmı?



Hüquq müdafiəçisi Əvəz Həsənov deyib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yüz minlərlə insan el-obasından didərgin düşüb, minlərlə insan vəhşicəsinə qətlə yetirilib. Çox sayda insanlarımız itkin düşüblər. Xeyli Azərbaycan vətəndaşı Ermənistan hərbçilər tərəfindən əsir götürülüb, bir çoxlarının barəsində bu gün məlumat yoxdur: “Artıq Azərbaycan ordusu 30 illik işğala son qoyub və işğaldan azad olunan ərazilərdə aşkarlanan insan qalıqları onu deməyə əsas verir ki, ermənilər Azərbaycan vətəndaşlarına qarşı olduqca amansız davranıblar, işgəncələr altında insanları qətlə yetiriblər. Aşkarlanan qalıqlardan DNK analizləri götürülməli, 1-ci Qarabağ müharibəsi dövründə itkin düşən, taleyi haqda məlumat olmayanların qohumlarının DNK-ları ilə eyniləşdirilməlidir. Yəni onların DNK-sı ilə kimliyini müəyyən etmək olar. Çünki indiyə kimi valideynlər var ki, övladlarının yolunu gözləyirlər”.

Hüquq müdafiəsi:

Hüquq müdafiəçisi deyib ki, Qarabağ savaşı dövründə həlak olan insanlarımızın xatirəsini əbədiləşdirmək üçün muzeyin açılması zərurəti ortadadır: “Təbii ki, yaxşı olar ki, itkin düşmüş şəxslərlə bağlı bir muzey açılsın. Həmin muzeydə ən azı o şəxslərin şəxsi əşyaları, qohumlarının onlarla bağlı təqdim etdiyi fotolarını qoymaq olar. Bu gələcək nəsillərə göstərmək üçün vacib olan bir məsələdir. Qoy, gələcək nəsillər görsünlər ki, Azərbaycan torpaqları uğrunda canlarından keçmiş və yaxud itkin düşmüş insanlarımız olub. Biz bu insanları unutmadıq, unudulmağa da qoymamalıyıq. Yəni bu cür təcrübədən Bosniya və Hersoqovinada istifadə olunub. Ermənilərin bizə qarşı soyqırım törətdikləri, torpaqlarımızı işğal etdikləri halda, məhz işğal olunmuş Azərbaycan torpaqlarında belə muzey yaradıb gələn xarici qonaqlara nümayiş etdirirdilər. Onların şəkilini çəkirdilər, deyirdilər ki, bu insanlar torpaqlar uğrunda həlak olublar, torpaq uğrunda itiblər. Qarşı tərəfin bizə vurduğu ziyanı göstərmək üçün o cür şəkillər ilə, talelər haqda məlumatlarla bir muzeyin yaradılması çox ciddi effekt verər”.

Hüquq müdafiəçisi deyir ki, muzeyin işğaldan azad olunmuş rayonların birində yaradılması vacibdir: “Ağdamda və yaxud Xocalıda da muzey yaradıla bilər. Əsas odur ki, işğaldan azad edilmiş ərazilərdən birində olsun”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə deyir ki, belə bir muzeyin Xocalıda yaradılması çox vacibdir: “ Çox vacib məsələdir. 10 il əvvəl ingilislər Azərbaycanda vaxtı ilə həyatını itirmiş ingilis əsgərlərinin qalıqlarını axtarıb tapmışdılar və Şəhidlər Xiyabanının içərisinə onlara abidə qoymaq istəyirdilər. O zaman Qarabağ Azadlıq Təşkilatı olaraq buna çox ciddi etiraz etdik. Çünki ötən əsrin 18-20-ci illərində ingilis əsgərləri Azərbaycana işğalçı qüvvə kimi gəlmişdi. Həmin açılışa şahzadə gəlməli idi.

Lakin biz açılışa imkan vermədik. Yəni hər yerdə bunu həmişə də görürük ki, dövlətlər öz əsgərlərinə, hərbçilərinə, vətəndaşlarına diqqətlə yanaşırlar. Qarabağ müharibəsində itkin düşən, şəhid olanlarla bağlı bizim həm cəmiyyət, həm dövlət olaraq borcumuzdur ki, həyatını itirənlərin xatirəsi əbədiləşdirilsin. 3900-a qədər insan, əsgərlərimiz şəhid olub, bəzi əsgərlərimiz haqqında indiyə qədər məlumatımız yoxdur. İtkin düşmüş və yaxud əsir olanlar var. Onların hamısının ən azından taleyi ilə bağlı məlumat tələb olunmalıdır, gündəmə ən vacib məsələ kimi gətirilməlidir. Ermənistandan kütləvi qətliam yerlərinin açıqlanması tələb olunmalıdır və o yerlərdə abidə qoyulmalıdır. Eyni zamanda, hesab edirəm ki, aşkarlanan şəhidlərimizin qalıqlarını Bakıya gətirməyə ehtiyac yoxdur. O qalıqları Qarabağda dəfn etmək, abidələr ucaltmaq vacibdir. Bu, şəhidlərimizin xatırəsinin yad olunması üçün olduqca vacib məsələdir. Eyni zamanda, erməni vəhşiliklərini dünyaya göstərmək üçün vacibdir, həm də özümüz üçün, cəmiyyət üçün vacibdir ki, o insanlar həyatlarını bu şəkildə itiriblər, onlar yad olunmalıdır. Yəni bu məsələ çox ciddi şəkildə gündəmdə olmalıdır. Dövlət səviyyəsində müzakirə aparılmalıdır, cəmiyyət öz münasibətini bildirməlidir ki, onları hansı formada dəfn edək. Erməni vəhşiliklərini əks etdirən bir neçə abidənin də qoyulması vacibdir”.

QAT sədri deyib ki, belə bir abidənin Xocalıda olması ümumilikdə Qarabağda, xüsusən də Xocalıda baş verən erməni vəhşiklərinin dünyaya nümayiş etdirilməsi baxımından məqsədəmüvafiqdir.

Digər Xəbərlər
Xəbər Lenti