II Liqaya vəsiqə qazanan «Zəngəzur»u kimin çalışdıracağı məlum olub.
Klubun təsisçisi və prezidenti Şahin Məmmədov bu vəzifəyə də üstlənib.
O. bir neçə mütəxəssislə danışıqlar aparsa da, sonda özündən layiqli namizəd görməyib.
Ş.Məmmədov iş adamıdır. Xaricə çıxışı, güclü əlaqələri var. Qərbi Azərbaycan bölgəsindən olan biznesmenin maliyyə dayaqları yaxşıdır.
Görünür, şəxsi imkanları hesabına yaratdığı «Zəngəzur»u heç kimə etibar etmək istəmir. Hətta gündəlik məşq prosesinə də özü nəzarət edir: meydançaya çıxır, müxtəlif tapşırıqlar verir.
Məmmədov «Cəbrayıl»da da belə olub. Dörd ildən artıq müddətdə həm rəhbər, həm də məşqçi.
Cavid Hüseynovla birlikdə həmtəsisçi kimi fəaliyyət göstərən iş adamı bu ilin əvvəlində I Liqa təmsilçisini maliyyələşdirməkdən imtina eləyib və bütün gücünü «Zəngəzur»a yönəldib.
Tarixi torpaqlarımızın təmsilçisi olan klub ötən mövsüm Region Liqasında mübarizə aparıb və yarışın qalibi olub. Finalda «Marafon»a 2:1 hesabıyla qalib gələn komanda birbaşa II Liqaya yüksəlib.
SPORTİNFO.AZ
