Növbəti mövsüm I Liqada sözün əsl mənasında qırğın olacaq.
Hətta əminliklə demək olar ki, bu dəfəki rəqabət ötən mövsümkü mübarizəni unutduracaq.
“Səbail” yeni sponsorun “çətirinin altına” keçəndən sonra adından söz etdirməkdədir. Premyer Liqa təcrübəsi zəngin olan bir neçə təcrübəli futbolçu Elnur Abdullayevin sərəncamına verilib.
Bu gedişlə heyətin daha da güclənəcəyi şübhə doğurmur.Pula pul deməyən klub rəhbərliyinin məqsədi bir nəfəsə Premyer Liqaya vəsiqə qazanmaqdır.
“Şahdağ-Qusar” baş məşqçi postuna Füzuli Məmmədovu gətirməklə iddiasını ortaya qoymuşdu. Təcrübəli mütəxəssisin gəlişindən sonra edilən transferlər də qusarlıların “az aşan duzu” olmayacağını göstərdi.
Ötən mövsüm iddiasından vaxtından əvvəl qopan bölgə təmsilçisi bu dəfə sona qədər mübarizə aparmaq niyyətindədir.
“Səbail”in hazırkı rəhbər şəxslərinin və baş məşqçinin ötən mövsüm “Şahdağ-Qusar”ın sıralarında olduğunu göz önünə gətirsək, aradakı prinsipiallıq barədə uzun-uzadı danışmağa gərək qalmaz.
Ötən mövsüm “Mingəçevir”in baş məşqçisi kimi Premyer Liqaya yüksəlmək şansını son anda “Qəbələ”ylə pley-off görüşündə əldən verən Ramiz Məmmədov bu dəfə “Karvan-Yevlax”la yola çıxır.
Klub rəhbərliyi kollektivin qarşısına elitaya qaytarmaq tapşırığı qoyub və buna görə I Liqa üçün normal büdcə ayırıb.
Məmmədov “Mingəçevir”dən tanıdığı istedadları yanına gətirib, əlavə olaraq Premyer Liqa təcrübəsinə malik bir neçə transfer edilib. 57 yaşlı mütəxəssis bu dəfəki fürsətdən maksimum yararlanmağa çalışacaq.
II Liqanın çempionu adını qazanan “Xankəndi” heyət dəyişikliyinə məruz qalıb. Baş məşqçi Zaur Hacıyevlə müqavilənin müddətini uzadan klub rəhbərliyi futbolçuların yaş ortalamasını nisbətən azaltmaq həvəsinə düşüb ki, bu niyyətlə bacarıqlı gənclər cəlb olunub.
Sözsüz, “Xankəndi” maliyyə imkanlarına görə “Səbail”, “Şahdağ-Qusar” və “Karvan-Yevlax”dan geri qalır. Lakin hədəf kifayət qədər ciddidir – iddialılara boy verib, mövsümü ilk “3-lük”də başa vurmaq.
Siyahını MOİK və “Baku Sportinq”lə genişləndirməklə səhvə yol vermiş olmarıq.
Bir şey dəqiqdir, I Liqada amsnsız mübarizəyə şahidlik edəcəyik. Gənc Elnur Adullayevin təcrübəli Ramiz Məmmədovla Füzuli Məmmədovun sınaqlarından necə çıxacağı, yekunda hansı komandanın indidən maraq doğurur.
HƏBİB / SPORTİNFO.AZ
