Hesabat turunun maraqla gözlənilən oyunlarından biri Zirədə baş tutdu.
İdman Kompleksinin meydanında “Turan Tovuz”u qəbul edən meydan sahibləri qələbə istəyinə çata bilmədi. İkili mübarizələrin çoxluq təşkil etdiyi qarşılaşmadan qol səsi çıxmadı.
FİFA referisi Əliyar Ağayevin ilk hissədə Brahim Konateyə qırmızı vərəqə göstərib, VAR-ın siqnalı ilə qərarını dəyişməsi, ikinci hissənin gedişində Roberto Olabeni meydandan qovması ciddi müzakirələrə yol açdı.
Oyundan sonra hər iki komandanın futbolçuları narazı görünürdü. Tovuzlular qırmızı vərəqənin ləğvinə, zirəlilər isə rəqibin oyunun tempini aşağı salmasına görə.
Sportinfo.az-a açıqlama verən “qartallar”ın sol cinah müdafiəçisi Enrike Kustodionun təəssüratları ilə tanış olun:
“Öz meydanımızda oynadığımızı nəzərə alsaq, nəticə bizi məmnun etmir. Çox üzgünük. Çünki məqsədimiz qələbə qazanmaq idi və buna çox yaxın idik. Bu 1 xal “Turan Tovuz”u daha çox razı saldı.
Əslində, qalib gələ bilərdik. Onlar azlıqda qalandan sonra yerdə uzanmaqla vaxt qazanmağa çalışırdılar. Belə olanda isə oyunun tempi aşağı düşürdü, intensivlik azalırdı.
Digər tərəfdən bütün komanda ilə müdafiə olunub müdafiədə sıxlıq yaradırdılar. Hücum etmək, qol imkanı yaratmaq baxımından boş ərazi tapa bilmirdik”.
Braziliyalı müdafiəçi oyundan zövq almadığını da sözlərinə əlavə edib:
“Oyun pis getmirdi. Lakin “qırmızı”dan sonra “Turan Tovuz” futbol oynamadı. Yerə yıxılır, topu hara gəldi vururdular. Belə hallara hazır olmalıyıq. Çünki çempionatda belə şeylər çox olur”.
HƏBİB

