Premyer Liqanın 11-ci turunun ən cansıxıcı oyunu Zirədə keçirildi.
Nə «Turan Tovuz»un özü oynadı, nə də «Zirə»yə bu imkanı verdi.
Adətən, belə qarşılaşmalar çempionata marağı öldürür. Çempionluq mücadiləsi verdiyini iddia edən «Turan» son yarım saatı azlıqda başa vursa da, «Zirə» bu say üstünlüyündən yararlana bilmədi.
Doqquz nəfərlə arxaya çəkilmiş qonaqların müdafiəsini yarmaqdan ötrü bəzi cəhdlər etdi, o da yarımçıq.
Bu kimi hallarda kreativ oyunçuların yeri görünür. Salifu Sumanın gedişindən sonra Georgi Papunaşvili bir qədər ön plana çıxıb, ancaq gürcü yarımmüdafiəçi hər dəf sabit çıxış eləmsir.
Burada gərək bir nəfər məsuliyyəti öz üzərinə götürüb fərdi bacarığını işə salsın. Qapanmış rəqibin arasından keçməyi, zərbə mövqeyi seçməyi bacaran olsun.
Bunu kim edəcək - Junior Martins, Rikardo Martins, yoxsa Enrike Kustodio? Heç biri o deyil.
«Zirə»də həmçinin Brahim Konate problemi əmələ gəlib. Yayda «Şamaxı»dan gəlmiş fransalı yarımmüdafiəçi özünü intizamsız aparmağa başlayıb.
Əliyar Ağayevlə VAR otağında əyləşmiş İnqilab Məmmədov onu bağışladı bu dəfə. Rəqibin sifətinə başla zərbə endirmək istəyəcək qədər «şişib» Konate.
Güman ki, Rəşad Sadıqov əfv etməyəcək Konateni, «köp»ünü almaq üçün cəriməni kürəyinə yapışdıracaq.
ELNUR

