"Zirə"nin yay fasiləsində müqaviləsini artırdığı adlar arasında 40 yaşlı Anar Nəzirovun da adı vardı.
Amma nədənsə "qartallar"ın Konfrans Liqasının iştirak ərizəsində onun adına rast gəlinmədi.
Tiaqo Silva, Aydın Bayramov və Səlim Həşimovun adları siyahıda yer alsa da Nəzirov kənarda qaldı.
Amma təcrübəli qapıçını "Hayduk"la görüşün gedişində ehtiyat oyunçular skamiyasının həndəvərində gördük.
Maraqlıdır, qolkiper niyə sifariş olunmayıb və belədə orada necə yer alıb?
Yaranmış müəmma ilə bağlı klubdan bəzi məlumatları əldə etmişik.
Adıçəkilənin sifariş ərizəsindən kənarda qalması səbəbsiz deyil.
Əsas qapıçı Tiaqo Silvadısa, onun əsas əvəzləyicisi Aydın Bayramovdir.
Bilirik ki, UEFA-nın yarışlarında B listəsi olur və orada 5 yetirmənin ad mütləq olmalıdır.
Gənc və bacarıqlı Səlim Həşimov da məhz həmin siyahı üçün keçərli olduğu üçün üstünlük ona verilib.
Təbii ki, qarşıda uzun marafon var. Nəzirov yeni mövsüm üçün sifariş olunacaq. Mərhələ adlamaq mümkün olsa və növbəti mərhələlərdə ona ehtiyac yaransa baş məşqçi mütləq onun xidmətində istifadə edəcək.
Xorvatlarla görüşdə isə Anar yalnız matçdan sonra ehtiyat oyunçuların yanına düşüb. Çünki buna icazə verən buraxılış vəsiqəsinə sahib olub.
XANOĞLAN / SPORTİNFO.AZ

