COP29

“Niyə “Qarabağ”ı uda bilməyək ki?” – İddiasını gizlətmədi

6 Noyabr 23:00 Zirə 2 988
“Niyə “Qarabağ”ı uda bilməyək ki?” – İddiasını gizlətmədi

“Zirə” üç oyunluq qələbə seriyasına Şamaxıda son qoydu.

Bölgədən 2:0 hesablı qalibiyyətlə qayıdan komandanın üzvləri məmnun görünürdü.

Cari mövsümdə Premyer Liqada cəmi 5 oyunda start heyətində yer alan Stefan Aka Sportinfo.az-a verdiyi müsahibədə bir sıra sualları cavablandırdı.

- Oktyabr ayında qələbə üzünə həsrət qalandan sonra noyabra 3 xalla başlamaq necə hisdir?

- Qalib gəlsək də, həqiqətən çətin oyun oldu. Belə olacağını əvvəldən bilirdik deyə, buna uyğun hazırlaşmışdıq. Həftəboyu məşqlərdə etdiklərimizi bu gün meydanda ortaya qoymağa çalışdıq və fikrimcə, bu, bizdə yaxşı alındı. Rəqibin böyük qüvvə ilə irəli atıldığı son 15-20 dəqiqəni nəzərə almasaq, oyun üstünlüyümüz şəraitində keçdi. Qələbəni layiqli oyunla haqq etdiyimizi düşünürəm.

- “Şamaxı” 83-cü dəqiqədə sonradan hesaba alınmayan qolla hesab arasındakı fərqi azaldanda nə düşündün?

- Lap qol hesaba alınsaydı belə, özümüzü itirməyəcəkdik. Əksinə, sürəti və təzyiqi artıracaqdıq. Qorxmaq, həyəcanlanmaq mənasında deyirsinizsə, bunların heç biri yox idi. Çünki onlar hücuma atıldıqca, bizim daha bir qol vurmaq şansımız çoxalacaqdı.

- 3 oyunluq qələbəsizlik seriyasından sonra qazandığınız bu qalibiyyət növbəti görüşlərdə uğurlu nəticə qazanmağınıza kömək edəcək?

- Bu qələbə geridə qaldı. Qalibiyyət barədə düşünməklə işimizi çətinə sala bilərik. Sadəcə, yolumuza davam etməli, hər qarşıdan gələn oyuna hazırlaşmalıyıq. Önümüzdəki matçlarda nələrin yaşanacağını birlikdə görəcəyik. Bilin ki, məqsədimiz dəyişməzdir – hər oyundan qələbə ilə ayrılmaq.

- Turnir cədvəlindəki əsas rəqibləriniz “Turan Tovuz”un “Qarabağ”la heç-heçə etməsi, “Araz-Naxçıvan”ın “Neftçi”ni udması, məntiqlə sizin bu oyuna olan motivasiyanızı artırmalıydı. Belədir?

- Motivasiya baxımından bəli, siz deyən kimidir. Çünki xal itirməyimiz üst pillələrdəki rəqiblərdən geri qalmağımıza səbəb ola bilərdi. Ona görə də “Şamaxı”yla qarşılaşmaya təzyiqlə başlayıb lazım olan qolları vurduq.

- Qarşıdakı bir həftədə “Araz-Naxçıvan”la, ardınca “Qarabağ”la oynayacaqsınız. Çətin olmayacaq?

- “Araz-Naxçıvan”nın həm bizimlə, həm də “Neftçi”ylə görüşlərdə nəyə qadir olduğunu gördük. Bu gün yuxarı pillələrdə yer alması da boşuna deyil. “Qarabağ”ın səviyyəsi barədə nəsə demək artıq olar, hamı bilir. Artıq indidən bu oyunlara hazır olduğumuzu deyə bilərəm. Bu iki görüşdə qələbə qazansaq, deməli, medallar uğrunda mübarizə aparmağa hazırıq. Bilirəm, çətin olacaq, ancaq öhdəsindən gəlməyə çalışacağıq.

- “Qarabağ”ı da məğlub etmək hədəfiniz var?

- Əlbəttə. Futbolda mümkünsüz heç nə yoxdur. Niyə “Qarabağ”ı uda bilməyək ki? Dediyim kimi, hər iki qarşılaşmada qələbəyə ümid edəcəyik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər