Turun ən səs-küylü iki qarşılaşmasından biri bu gün Zirədə baş tutacaq.
Qəsəbənin eyniadlı komandası “Turan Tovuz”u qəbul edəcək.
Oyunun gərginliyini indidən hiss etmək üçün turnir cədvəlinə göz gəzdirmək kifayətdir.
Bölgə təmsilçisi 10 turdan sonra topladığı 21 xalla bütün rəqiblərinə yuxarıdan aşağı baxır. Hətta “Çelsi” kimi dünya nəhəngi ilə bərabərə qalan (2:2) “Qarabağ”ı belə 1 xal qabaqlayır. Xal xanasında 19 yazılan “Zirə” isə bu iki komandadan və “Sumqayıt”dan geridə qalmaqla 4-cüdür.
“Sabah”la “Araz-Naxçıvan”ın zirəliləri çatmaq, hətta geridə qoymaq ehtimalı yüksək olduğundan, Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanı yalnız və yalnız qələbə maraqlandırır.
Bu, baş versə, “qartallar” “Turan”ı taxtdan salıb, azı 1 günlük də olsa lider kürsüsünə qalxacaq. Yox, 3 xala tovuzlular sevinsə, zirəlilərin vəziyyəti ağırlaşacaq, Kurban Berdıyevin komandası ilk dövrəni çempion qismində başa vuracaq.
10 turdan sonra çempionatın heç-heçə etməyən yeganə komandası olan “Turan”ın bu dəfə meydanı 1 xalla tərk edəcəyi də kifayət qədər real görünür. Hətta bu halda belə, dövrənin çempionluq şansı əldən çıxa bilər. Təbii ki, “Qarabağ” “Neftçi”ni udsa.
Bu komandaların arasında ötən mövsümdə baş tutan görüşlər gərginliyi ilə yadda qalıb.
Zirədəki duellərin birində meydan sahibləri 1:0-a sevinib, digərində hesab açılmayıb. Tovuzdakı matçların birincisində “Zirə” 2:0 hesabı ilə üstün olub, ikincidə bölgə təmsilçisi meydanı 1:0 tərk edib.
Son oyunlarda əsas heyəti legionerlərdən formalaşdıran təcrübəli Berdıyevin nisbətən oturuşmuş heyətə sahib istəkli və emosional Rəşad Sadıqovla dueldən hansı nəticə ilə ayrılacağını bu axşam görəcəyik.
Zirə İdman Kompleksinin meydanında baş tutacaq görüş saat 18:44-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

