Komandaların sayının artırılması nəzərdə tutulub - Yeni prezident açıqladı

22 May 2023 03:00 Voleybol 788
Komandaların sayının artırılması nəzərdə tutulub - Yeni prezident açıqladı

“Əsas məqsədimiz voleybolun populyarlığının, kütləviliyinin artması və mükəmməl infrastrukturun qurulmasıdır”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov deyib.

Azərbaycan voleybolunun uğurlarından bəhs edən federasiya rəhbəri bu nailiyyətlərin davamının gətirilməsinin vacibliyini vurğulayıb:

“Azərbaycanda voleybol kifayət qədər məşhur idman növüdür. Komandalarımız Avropa və dünyada yaxşı nəticələr əldə ediblər”.

O, qadınlar və kişilərdən ibarət Yüksək Liqalarda komandaların sayının artırılmasının da nəzərdə tutulduğunu söyləyib:

“Maliyyə dayanıqlığını təmin edən komanda tapa bilsək, Yüksək Liqalarda sayı 6-ya çatdıracağıq. Sayın artırılması yığmaya da təkan verəcək”.

Voleybolun inkişafı üçün çalışacaqlarını deyən Ş.Bağırov Azərbaycanda bu idman növününü ənənələrinin olduğunu vurğulayıb:

“Biz məşqçilərlə iş prinsipini quracağıq. Voleybolun inkişafına kompleks yanaşmanın tərəfdarıyam. İşimizi strategiya əsasında formalaşdıracağıq.

Bunun üzərində işləyirik. Bu, məşqçilərə də paylanılacaq və fikirlər öyrəniləcək. Yaxın vaxtlarda strategiyanı təsdiqləyəcəyik”.

Federasiya prezidentinin sözlərinə görə, məşqçilərə sistemli şəkildə təlimlər təşkil olunacaq:

“Kütləviliyi yaratmaq üçün ilk növbədə məşqçi olmalıdır. Vaxt gələcək, bizim məşqçilər xarici ölkələrdən təkliflər alacaqlar və onlara tələb olacaq.

Bu, 5 və ya 10 ildən sonra gerçəkləşə bilər. Daha əvvəl Faiq Qarayevin ölkə xaricində fəaliyyət göstərdiyi kimi”.

Şahin Bağırov futboldan başqa digər idman növlərinə dəstəyin çox olmadığını etiraf edib:

“İstənilən idman növünə sponsor dəstəyi lazımdır. Sponsorun voleyboldan faydalanmasını və qarşılıqlı marağın olmasını istəyəcəyik.

Ən əsas məsələ şəffaflığın olmasıdır. Hətta maliyyə hesabatını da ictimaiyyətə təqdim edəcəyik”.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!