Arda Turanın sabiq məşqçisi: “Namiq də, Araz da Türkiyədə səhv kluba getdi"

9 Aprel 2022 20:20 Türkiyə 894
Arda Turanın sabiq məşqçisi: “Namiq də, Araz da Türkiyədə səhv kluba getdi"

Sportinfo.az 2009-2013-cü illərdə “Qəbələ” Futbol Akademiyasında çalışmış türkiyəli məşqçi Rəcəb Yazıcının müsahibəsini təqdim edir:

- Azərbaycandan ayrıldıqdan sonra nə işlə məşğulsunuz?

- Məşqçilik fəaliyyətimə davam edirəm. 2013-cü ildə “Qəbələ”dən ayrıldıqdan sonra ardıcıllıqla “Gümüşhanespor”, “Kocaelispor”, “Nazilli Bələdiyyəspor”, “Zonquldakspor”, “İnegölspor”, “Adanaspor”, “Menemenspor” və “Vanspor”da çalışmışam. Ötən ilin yanvarında Türkiyə I divizion klubu “Menemenspor”da Ümit Karanın məşqçilər heyətində yer aldım. Təəssüf ki, mayda yollarımız ayrıldı. Əgər cari mövsüm üçün davam etsəydik, “Qəbələ”də yetirmələrim olmuş azərbaycanlı futbolçuları ora aparmağı düşünürdüm. Ona görə də istəyim yarımçıq qaldı. Azərbaycanda yetişdirdiyim futbolçular indi peşəkar oyunçulara çevrilib, ailə qurublar, yaxşı komandalarda oynayırlar. Yetirmələrimdən “Qarabağ”, “Sabah”, “Qəbələ”, “Keşlə”, “Səbail”, “Sumqayıt”da oynayanlar var. Ancaq indi Azərbaycanda belə futbolçuların davamı kəsilib və inkişaf yoxdur.

Mən vaxtilə Türkiyə Futbol Federasiyasına (TFF) azərbaycanlı futbolçuların I divizionda yerli oyunçu statusunda oynaması təklifini verdim. Bildiyiniz kimi, əvvəllər hər komandada türkdilli ölkələrdən 2 futbolçu əcnəbi sayılmırdı. Ancaq sonra bu, yığışdırıldı. Mən bu qaydanın yenidən tətbiq olunmasını xahiş etdim. AFFA ilə TFF arasında yaxşı münasibətlər olmalıdır ki, bu qayda yenidən tətbiq olunsun. I divizion klubları daha ucuz başa gəlir deyə afrikalı oyunçulara üstünlük verir.

Mən “Qalatasaray”da 20 il uşaq futbolunda işləmişəm. Əmrə Çolak, Semih Kaya kimi futbolçular uşaq futbolunu bizdən öyrənib. Arda Turanın ilk məşqçilərindən biri mən olmuşam. Uşaq futbolu mənim əsas sahəm olub deyə Azərbaycandakı uşaqların futbol potensialını bilirəm. Onlar başqa ölkələrdə futbol oynamaq istəyirlər, həmişə mənə belə deyirlər. Azərbaycanı mən çox sevirəm. Bir millət olmaqdan əlavə, bu ölkəyə xüsusi sevgim var.

- Siz Azərbaycanda işləmək üçün öz müraciətinizi bildirmisiniz?

- 2-3 il əvvəl AFFA-da Elxan Məmmədova (sabiq baş katib, indiki icraçı vitse-prezident – red.) köməyimi təklif etdim. Çünki Azərbaycanda 5 il işləmişdim, oradakı futbolun içində olmuşdum. Elxan Məmmədov mənə cavab yazdı və hazırda belə bir şey düşünmədiklərini bildirdi. Halbuki Azərbaycana türkiyəli, Türkiyəyə də azərbaycanlı futbolçuları gətirmək mümkün idi. Azərbaycan klublarına da müraciət etdim, ancaq səsimi eşitdirə bilmədim. Bizdə Türkiyədə də böyük pullara əcnəbi məşqçilər gətirirlər, ancaq sonra heç bir şey olmadıqları üzə çıxır və böyük təzminat alıb buradan gedirlər. Azərbaycanda da belədir. II divizion klubu “Vanspor”da 2 ay baş koordinator vəzifəsində qaldım və müəyyən səbəblərdən noyabrda oradan ayrıldım. Fasiləyə kimi qalsaydım, azərbaycanlı oyunçuları ora gətirə bilərdim.

- Azərbaycanda futbol səhifələrindən birinin məktub qutusuna “Qəbələ” istisna olmaqla, bir çox klubumuza iş üçün müraciət etdiyinizi, lakin təklifinizin qəbul olmadığını yazmısınız...

- Mən Azərbaycanda işləyəndə bu klubların bəzilərinin adları belə deyildi, rəhbərlikləri dəyişib. Menecerlər vasitəsilə o klublarla təmasa keçdim. “Sumqayıt” klubunun Akademiyasına müraciət etdim. Keçmiş tələbələrimdən biri vasitəsilə klub prezidenti Riad Rəfiyevin telefon nömrəsini tapdım. Orada Akademiya direktoru olsa da, onunla birgə işbirliyi təklif etdim. Ancaq o oxudu və mesajlarıma cavab vermədi. Bir dəfə də olsun mənə cavab yazmağa ehtiyac duymadı. Hətta zəng də vurdum, telefonu açmadı. Halbuki “Qəbələ”də çalışarkən Sumqayıtdan çox futbolçu alırdıq. O şəhərdən, Gəncə, Tovuzdan çox yaxşı futbolçular olurdu.

O səhifəyə yazmağım da Bəhlul Mustafazadə və Amin Seydiyevin “Qəbələ”dən yola salınması paylaşımına cavab verməyimlə bağlı idi. Mən özüm rayonlara gedib futbolçunu seçməyin tərəfdarı idim. “Qalatasaray”da olanda da belə işləmişəm. Mən Bəhlulu İmişlidə hazırlıq matçı keçirərkən bəyənmişdim. O vaxt bizə deyilirdi ki, bu adamdan futbolçu çıxmaz. Öz yoldaşlarım belə mənə qarşı idi. Onun atasının da boyu uzun idi, Bəhlulunku da. Azərbaycanda da, Türkiyədə də bu yaşda hündürboylu futbolçu tapmaq çətin məsələdir, “dəyərləndirmək lazımdır” dedim. Ona görə də mən Bəhluldan yaxşı futbolçu çıxacağına inanırdım. Hazırda da onun Türkiyə Super Liqasının klubları izləyir.

Amin Seydiyevi isə 10 yaşı olanda “Vətən” futbol məktəbindən seçmişdik. Yaxınlarda koronavirusa görə dünyasını dəyişmiş anası ilə yaşayırdı. Anasına zəmanət verib onu “Qəbələ”yə apardıq. Bu uşaqların kimsəsi yoxdur deyə onların özəl həyatlarını sizə danışdım. Yoxsa, bizim yetişdirdiyimiz futbolçular çoxdur. Ehtiram Şahverdiyevdən tutmuş Elvin Camalova kimi, Ülvi İsgəndərovdan Qismət Alıyevə kimi sizə danışa bilərəm. İndi Çexiyada oynayan Fərid Nəbiyevi qardaşı ilə birgə Ağstafadan tapmışdıq. Bütün bu futbolçuları türkiyəli menecerlərə təqdim etmişəm, onları izləyirlər. “Adanaspor” və “Menemenspor”da çox işləsəydim, onları Türkiyəyə daha tez gətirmək mümkün idi. İşlədiyim vaxt “Adanaspor”da transfer qadağası vardı. Mən “Qəbələ”dən də erkən ayrılmalı oldum. Bir az da qala bilsəydim, orada çoxlu yaxşı futbolçular olacaqdı. Mən orada adi uşaq məşqçisi idim. Əgər daha çox səlahiyyət sahibi olsaydım, məsələn, Akademiya direktoru olsaydım, daha yaxşı işlər görmək mümkün idi.

- Hazırda işsizsiniz. Türkiyədən iş təklifi almırsınızmı?

- İndinin özündə də “Qalatasaray”dan mənə təklif gəlir. Ancaq mənim bir iş prinsipim var. Mən əvvəl ayrıldığım kluba bir daha dönmürəm. Azərbaycan hələ mənim bağrımda yanan bir atəşdir. İmkan olarsa, azərbaycanlı futbolçulara xeyrimin dəyməsini istəyirəm. Mən Azərbaycandan pul qazanıb getmədim. Orada ürəyim qaldı.

- 2009-2013-cü illərdə “Qəbələ”də işləmisiniz. Oradan ayrılmağınız nə ilə bağlı idi?

- Həmin vaxt kiçik anlaşmazlıq oldu. Bu anlaşmazlıq futbolla əlaqəli deyildi. Getməmək üçün çox çalışdım. Amma arada şəxsi narazılıqlar oldu.

- Narazılıqlar kiminlə oldu? “Qəbələ” rəhbərliyi iləmi, yoxsa Halim Fıçıcı iləmi?

- Elə hər ikisi ilə fikir ayrılıqlarımız oldu. Amma bu məsələlərə çox getmək istəmirəm. Aradan 10 il keçib. Bunu oradakı məşqçilərdən də soruşmaq olar. Mingəçevirdə “Uğur” adlı 4-14 yaşlı uşaqlar üçün futbol klubu açmış Şəhruz Mustafayevlə indi də danışıram. Onun uşaqlarını Türkiyəyə gətirmək planımda var. Bir də demək istəyirəm ki, üzərimdə klubun vitse-prezidenti (indi prezidentidir – red.) Fariz Nəcəfovun çox əziyyəti var. Onunla tez-tez mesajlaşırıq.

- Onda mən belə anladım ki, sizin probleminiz daha çox 2020-ci ilədək “Qəbələ”də çalışan Halim Fıçıcı ilə olub...

- Hazırda onunla mən görüşmürəm. Yollarımız ayrılıb.

- Amma “Qəbələ”yə birgə getmişdiniz...

- Elədir. Amma “Qalatasaray”da mən ondan əvvəl işləmişəm. Daha sonra o, “Qalatasaray”a gəlmişdi. İkimizi də, həmçinin qapıçı məşqçisi Uğur Kurtu “Qəbələ”yə dəvət edən isə 2008-ci ilin noyabrından Akademiyanın direktoru olan Ali Yavaş olub. O, 2012-ci ildə “Qəbələ”dən ayrıldı.

- Hazırda Türkiyə I divizionunda 2 azərbaycanlı futbolçu oynayır. Onları izləyə bilirsinizmi?

- Bildim kimləri deyirsiniz. Vüsal İsgəndərli “Keçiörəngücü”də, Namiq Ələsgərov “Bursaspor”da oynayır. Namiqin necə oyunçu olduğunu öyrənmək üçün bu klubun rəhbərliyi ilk olaraq mənə zəng vurmuşdu. Mən “Qəbələ”də işləyəndə o, “Bakı” klubunda İbrahim Uzuncanın yetirməsi idi. Namiq 4 il əvvəl Türkiyəyə gəlsəydi, ən yaxşı komandalarda oynaya biləcək futbolçu idi. Ancaq o, səhv komandaya getdi. “Bursaspor”un adına aldandı. Azərbaycanlı menecerlərə də deyirəm ki, bura futbolçu gətirəndə klub barədə məndən məsləhət alın, sizdən buna görə pul istəmirəm ki.

“Bursaspor” hazırda tarixinin ən pis vaxtını yaşayır. Soruşsaydılar, Namiqin ora getməsini tövsiyə etməzdim. “Menemenspor”, “Adanaspor”, “Ankaragücü”, “Gənclərbirliyi”, “Ankaraspor”, “Eyüpspor”a məsləhət görərdim. Ümumiyyətlə, Türkiyəyə gəlib mənə zəng edən yalnız İlqar Qurbanov olub. O, hazırda AFFA-da seleksioner məşqçi işləyir. Namiqin “Bursaspor”da olmasına çox məyus oldum, o, Super Liqada oynaya biləcək futbolçudur. “Keçiörəngücü” isə dövlətdən maliyyələşən yaxşı klubdur.

Ötən mövsüm “Boluspor” “Menemenspor”la qarşılaşanda Araz Abdullayevlə görüşdüm, özümü tanıtdım. Çünki o, məni tanımırdı. Araz “Qəbələ”də oynayanda, mən artıq oradan ayrılmışdım. Mən isə onu “Neftçi”dən yaxşı tanıyırdım. Mən meydançanın içərisində olan söhbətimiz zamanı ona da dedim ki, səhv kluba gəlmisən, “Boluspor” aşağı pillələrdən qurtulmağa çalışan, maliyyə problemləri olan bir klubdur. Son olaraq demək istəyirəm ki, Azərbaycanda işim yarımçıq qalıb. Əgər bir futbol Akademiyası qurularsa, orada işləmək istəyərəm. Azərbaycandan olan hər bir kəsə isə telefonum açıqdır (oxu.az).

Digər Xəbərlər
Xəbər Lenti