«Qurban Qurbanov İstanbulun 3 nəhəng klubunu da çalışdıra bilər, özü də böyük rahatlıqla».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zirə»nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Vaxtilə «Kayserispor», «Kocaelispor» və «Eskişehirspor»un formasını geyinmiş biri kimi Türkiyə futboluna yaxından bələd olan keçmiş futbolçu uzun illər «Qarabağ»da bərabər çalışdığı həmkarının Super Liqada uğur qazanmaq iqtidarında olduğunu bildirib:
«Hatayspor»un ötən mövsümün əvvəlində Qurban müəllimə təklif göndərməsindən xəbərdarsız. Həmin vaxt bu xəbər çox yayıldı və belə görünürdü ki, onlar Qurban müəllimi necə böyük həvəslə Türkiyəyə gətirmək istəyir.
Əminəm ki, o, nəinki «Hatayspor»da, İstanbul nəhənglərində də uğurlu fəaliyyət göstərə bilər.
«Qalatasaray», «Fənərbağça» və «Beşiktaş» kimi klublarda nəticə əldə etmək üçün onun kifayət qədər təcrübəsi və savadı var.
Bunun üçün Qurban müəllimə inanmaq və vaxt vermək lazımdır. Heç olmasa, iki-üç il.
Yalnız ondan sonra hamı görəcək ki, o, necə möhtəşəm komanda yaradıb».

