Yunanıstandan qayıdıb, karyerasını “Səbail”də davam etdirməyi hədəfləyən Tural Bayramlı hələ də “Pierikos”dan icazə kağızını gözləyir.
Sentyabrda Ellada torpağına ayaq basıb, ikinci Super Liqa təmsilçisi “Pierikos”la anlaşan həmyerlimiz rəsmi oyunlardan meydana çıxmadan vətənə döndü.
Halbuki, Katerini təmsilçisində oynasaydı, bu gün “Səbail”in yox, başqa komandanın düşərgəsində olacaqdı.
Bu barədə Sportinfo.az-a açıqlama verən İlkin Əliyev maraqlı hadisənin üstünü açıb. Bayramlının Yunanıstana getməsinə vasitəçilik etmiş agent Turala maraq göstərən elita komandasının adını çəkib:
“Yayda Tural Bayramlını “Pierikos”a aparanda, futbolçumuzun videosuna Super Liqada mübarizə aparan “İonikos”un rəsmiləri də baxmışdı.
Turalı çox bəyənmişdilər. Hətta klubdan bildirilmişdi ki, “Pierikos”da oynasın, özünü göstərsin, yanvarda onu heyətimizə qataq.
Təəssüf ki, müəyyən problemlər Bayramlının “Pierikos”da möhkəmlənməsinin qarşısını aldı. Və beləcə, “İonikos”a keçidi də baş tutmadı”.
24 yaşlı yarımmüdafiəçi yanvardan “Səbail”in sıralarında olsa da, “Pierikos” Beynəlxalq Transfer Sertifikatını göndərmədiyinə görə futbolçu meydana çıxa bilmir. Bayıl təmsilçisi məsələnin həlli ilə bağlı FİFA-ya müraciət edib.
HƏBİB

