“Fənərbaxça” bu mövsümün əvvəlində “Uotford”a icarəyə verdiyi Ozan Tufanı geri qaytarıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, klublar arasındakı razılığa əsasən, 26 yaşlı futbolçu bu mövsümün qalan hissəsini “Fənərbaxça”da davam etdirəcək.
Xatırladaq ki, “Uotford” Ozan Tufanı bir mövsümlük icarəyə götürmüşdü. Müqaviləyə görə, sözügedən klub Premyer Liqadakı yerini qorusa, Ozanı birdəfəlik transfer etməlidir. Klub elitanı tərk edəcəyi halda isə yarımmüdafiəçi “Fənərbaxça”ya qayıdacaq.
Ozan bu mövsümün geridə qalan hissəsində İngiltərə təmsilçisinin heyətində 9 oyuna çıxıb.
“Uotford” isə cari mövsümdə Premyer Liqa çərçivəsində keçirdiyi 20 oyunda cəmi 14 xal toplayıb və 20 iştirakçı arasında 19-cu sırada qərarlaşıb.
Ozan Tufan “Bursaspor”un yetirməsidir. O, 2015-ci ildən “Fənərbaxça”da çıxış edir. İstanbul təmsilçisində 174 oyun keçirib, 21 qol vurmuş futbolçu Türkiyə millisinin də üzvüdür. Sağ cinahda oynayan futbolçu, “Uotford”dan öncə “Alanyaspor”da da icarədə çıxış edib.

