Azərbaycan klubu "doşab alıb, bal çıxıb"

18 Yanvar 2023 17:00 Turan 1 376
Azərbaycan klubu "doşab alıb, bal çıxıb"

Qış fasiləsində “Turan Tovuz”un ilk və bəlkə də son transferi Denis Marandiçi oldu.

Moldova millisinin üzvünü baş məşqçi Ayxan Abbaov uzun müddət əvvəldən izləyirdi. Amma onu heyətə qatmaq mümkün olmurdu. Bu, yalnız gürcüstanlı vinger İmeda Aşortinin komandadan ayrılmasından sonra reallaşdı.

Denis Aşortinin yox, sol cinah müdafiəçisi kimi mövsümün əvvəli komandaya cəlb edilən və gözləniləni verməyən Ben Azizin yerinə nəzərdə tutulub.

Yoxlama görüşlərində də yeni transfer bir qayda olaraq sol cinah müdafiəçisi kimi çıxış etdi. Və qısa müddət keçsə də, indidən onun transferini uğurlu qələmə vermək olar.

Cəmi 1 məşqdən sonra “Petrolul”la ilk yoxlama görüşündə (2:3) əsas heyətdə meydana çıxan futbolçu əsl cinah müdafiəçisinə yaraşan tərzdə qol vurmağı bacardı.

Denis “Jetsu” ilə sonuncu sınaq matçında (2:0) yenidən diqqətləri üzərinə çəkə bildi. O, bu dəfə qələbə qolunun müəllifi oldu.

Cəmi 1 həftə əvvəl qoşulduğu komandada meydana çıxdığı 3 oyunda 2 qol vurması onun qərb təmsilçisinə həm də çox sürətli şəkildə adaptasiya olmasını göstərir.

Maraq üçün bildirək ki, eyni mövqedə oynadılan Ben Aziz mövsümün birinci yarısında meydana çıxdığı 9 görüşdə nəinki qol vurmaq, heç aktivinə qol ötürməsi yazdırmağı da bacarmamışdı.

Təbii ki, Denis bölgə klubuna qol vurmaqdan çox yaxşı müdafiə olunmaq üçün gətirilib. Amma ilk matçlardan belə performasnın sərgilənməsi futbolçunun sürətli inkişafına, uyğunlaşmasına birbaşa təsiri olacaq.

Sabah necə olacağını demək çətindir, amma arxada qalan günlər göstərir ki, Denisin timsalında “Turan” "doşab alıb, bal çıxıb". İndi qalır, o balın şirinliyini qışdan sonra da dadmaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı